ALLAH'IN VARLIQ DƏLİLLƏRİNİ GÖRMƏYİN ƏHƏMİYYƏTİ

QURANDA YARADILIŞ DƏLİLLƏRİ

İnsanlar Allah'ın Zatını görə bilməzlər. Ancaq Onun varlığını, qüdrətini və bəzi isimlərini yaratmış olduğu varlıqlara baxaraq anlayarlar. Hər rəsmin öz rəssamını tanıtması kimi, canlı və cansız varlıqlar da özlərini yaratmış olan Allah'ı bizə tanıdırlar. İnsan bunlar üzərində düşünməli və yaradılış dəlillərinə şahid olmalıdır. Necə ki, Allah Quranda dəvə, ağcaqanad, arı, hörümçək kimi müxtəlif heyvanları, bitkiləri, ağacları, dağları, yerləri, göyləri bir iman həqiqəti, yəni yaradılış möcüzəsi olaraq örnək çəkmişdir. Bu kimi iman həqiqətlərinə diqqət çəkilən ayələrdən bəziləri belədir: Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini (görmürlər)? Dağların necə sancıldığını (görmürlər)? Yerin necə döşədildiyini (görmürlər)? (Ğaşiyə surəsi, 17-20)

Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə (demək) istədi?" Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)

Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get". (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara (belə) izah edir. Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allah'ın göylərdə və yerdə yaratdıqlarında (Allah'dan) qorxan adamlar üçün dəlillər vardır. (Yunus surəsi, 5-6)

Əlbəttə ki, yaradılış dəlilləri yalnız bu ayələrdəki nümunələrlə məhdud deyil. Ətrafımızda gördüyümüz və ya görə bilmədiyimiz bir çox varlıq vicdanı və ağılı ilə qiymətləndirən hər insan üçün bir iman həqiqətidir. Məsələn, bağçadakı qarışqalar, stolun üstündəki çiçək, küçədəki və ya evimizdəki pişik, it və ya quş, bədənimiz, göylərdəki və yerdəki nizam, yağışın yağması, bizi kosmosdan gələn zərərli şüalardan və maddələrdən qoruyan atmosfer və bunlar kimi başqa canlı və ya cansız varlıqlar Allah'ı tanımaq istəyən hər insan üçün bir yaradılış dəlilidir. Nəhəng bir ulduzun həyatı böyük bir iman həqiqəti olduğu kimi, bədənimizin hər hansı bir orqanı da imana yönəldən bir həqiqətdir.

YARADILIŞ DƏLİLLƏRİNİN ƏHƏMİYYƏTİNƏ QURANDA DİQQƏT ÇƏKİLİR

Quranda insanı Allah'ın yaratdığı, yaranma məqsədinin Ona ibadət və qulluq etmək olduğu, ölümdən sonra özünü sonsuza qədər davam edəcək axirət həyatının gözlədiyi açıq-aşkar bildirilir. Həmçinin insan bu həqiqətlərə şahidlik edən "dəlillər" üzərində də dərin düşünməyə çağrılır. Quranda Allah'ın varlığının, birliyinin və sifətlərinin qəti dəlilləri olan hadisələr və varlıqlar isə "ayə" olaraq müəyyən olunur. Allah'ın ayələri Quranda yazılı olduğu kimi, xarici dünyada və insanın öz nəfsində də var. Quranda bu həqiqət "Yerdə (Allah'a) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır. Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?" (Zariyat surəsi, 20-21) ifadəsi ilə vurğulanır. Həmin həqiqət başqa ayələrdə də belə ifadə edilir: (Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)

Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. (Casiyə surəsi, 3)

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir... (Şura surəsi, 29)

Məlum olduğu kimi, Allah'ın varlığını və sonsuz qüdrətini sübut edən dəlillər yalnız Quranda deyil, yaşadığımız hər mühitdə var. İstər pəncərəyə qonan bir quş, istər bağçada gördüyümüz bir çiçək, istər səmadakı bir ulduz olsun, yaşadığımız müddətcə qarşımıza çıxan hər şey Rəbbimiz tərəfindən mənən "oxumağımız" üçün bizə göndərilən bir mesajdır. Əgər belə qiymətləndirsək, tək bir çiçək də bir məktubdur. Onu oxuya bilənə Yaradıcımızın mesajını gətirmişdir. Digər tərəfdən, bəzi yaradılış dəlilləri də insanlara Quranın haqq Kitab olduğunu sübut edir. Çünki kainatın yoxdan yaranması və genişlənməsi, göylərlə yerin bir-birindən ayrılması, göy cisimlərinin orbitləri, Yerin kürə formasında olması, səmanın qorunmuş bir tavan funksiyası yerinə yetirməsi, atmosferin layları, yağışın meydana gəlməsi, küləklər, dənizlərin bir-birinə qarışmaması kimi Quranda möcüzəvi şəkildə 1400 il əvvəl təsvir edilən bir çox iman həqiqəti ancaq son əsrin elmi nailiyyətləri nəticəsində bir-bir aydın olmuşdur. Bu kimi mövzularda Quranın vəhy edildiyi dövrdə heç bir insana məlum olmayan məlumatların Quran ayələrində açıqlanmış olması Quranın Allah'ın sözü olduğunu insanlığa bir daha sübut edənçox vacib bir həqiqətdir.

DÜŞÜNMƏK VƏ MƏLUMAT SAHİBİ OLMAQ

Vicdan sahibi insan ətrafındakı hər şeyin bir iman həqiqəti olduğunu bilir. Dənizdəki ovunu tutmaq üçün suya şığıyan bir qağayının, torpaq üzərində yeriyən kiçik bir qarışqanın, həril kilolarla meyvə verən bir alma ağacının, tonlarla ağırlığına baxmayaraq, səmada dayanan buludların, qısası, gözünü çevirdiyi hər yerdə gördüyü hər şeyin Allah'ın varlığının dəlilləri olduğunu dərk edir.

Ancaq Quran ayələrində iman həqiqətlərinin daha aydın ola bilməsi üçün iki vacib xüsusiyyətdən də bəhs edilir: Düşünmək və məlumat sahibi olmaq... Allah Quranda insanları davamlı olaraq göylərdəki, yerdəki və ikisinin arasındakı yaradılış dəlillərini, yəni, iman həqiqətlərini düşünməyə dəvət edir:

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)

Allah Qurandakı bir çox ayəsində yaratdığı varlıqlar üzərində düşünərək bunlardan öyüd və ibrət götürməyimizi istəyir. Ətrafımızdakı canlı, cansız bütün varlıqlar bizim Allah'ın üstün yaratma gücünü, sənətini, elmini dərin-dərin təfəkkür etməyimiz üçün yaradılmışdır. Ayədə də ifadə olunduğu kimi, bunların heç biri boş yerə yaradılmamışdır. Bunlara etinasızlıq etmək və düşünməmək isə Allah'ın ayələrindən üz çevirməkdir.Mömin belə bir rəftardan olduqca uzaq durmalıdır. Necə ki, Quranın müxtəlif yerlərində Allah'ın ayələrindən və yaradılış dəlillərindən üz çevirənlərin inkarçılar olduğu vurğulanır.

İnsanın dərinləşməsində, imanının artmasında iman həqiqətləri üzərində davamlı düşünməyin əhəmiyyəti bir çox ayədə vurğulanır. Bir ayədə məsələn, möminlərin göylərin və yerin yaradılışı haqqında dərin-dərin düşündüklərindən bəhs edilir: O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

Allah yaradılış dəlillərinin düşünən insanlar üçün bir dəyəri olduğunu ifadə etmişdir. Ancaq burada düşünmək ilə nəzərdə tutulan bəzi insanların zənn etdiyi kimi "Allah nə qədər gözəl yaratmış" və ya "nə qədər möhtəşəm bir heyvan" kimi yalnız dildə əzbərlənmiş reaksiyalardan ibarət deyil. Dərin və əhatəli şəkildə Allah'ın yaratdıqları haqqında düşünmək, yaradılışdakı hikmət və incəlikləri görmək, beləliklə Allah"ın sonsuz elminə, qüdrətinə və sənətinə şahid olmaq lazımdır. Bunu edərkən istifadə edilə biləcək üsullardan biri ətrafımızdakı varlıqlar, hadisələr üzərində sorğulama və müqayisə üsulu istifadə etməkdir. Allah bir ayəsində bu düşüncə sisteminin bir nümunəsini bizə belə öyrədir:

İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)

Su dünyanın hər tərəfində yayılan, demək olar ki, hər zaman asanlıqla əldə edə bildiyimiz bir nemətdir. İnsanların böyük bir əksəriyyəti də həyatları boyu hər gün içdikləri su haqqında bəlkə bir dəfə belə düşünməmişlər. Suyun varlığını və bizim ehtiyaclarımıza uyğun şəkildə olmasını, çox təbii, üzərində düşünülməsi vacib olmayan bir hadisə olaraq qəbul etmişlər. Halbuki, yuxarıdakı ayələrdə bildirildiyi kimi, əgər Allah diləsəydi, suyun fiziki və kimyəvi xüsusiyyətləri daha fərqli olardı və ya dünyanın atmosfer quruluşu və ya istiliyi daha fərqli olardı. O zaman "bulud" deyə bir şey olmazdı və bulud olmadığı vəziyyətdə də yer üzündə şirin su qaynaqları mövcud ola bilməzdi. Bizə yalnız dənizlərin duzlu suyu qalardı ki, belə bir dünyada insanlıq və ya həyat mövcud ola bilməz, ya da çox çətin şəraitdə, daimi su böhranı içində yaşayardıq. Şirin su olmadığı üçün əkinçilik və taxıl yetişdirməkmümkün olmaz, bütün dünya səhralaşar və qıtlıq olardı. Halbuki, Allah bizə şirin su qaynaqları vermiş, həm də bunları dünyanın demək olar ki, hər bölgəsinə çatdırmışdır. Bu həqiqət qarşısında əlbəttə Allah'a şükr etməliyik.




Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki, onunla taxıl və digər bitkilər yetişdirək, habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq). (Nəbə surəsi, 14-16)

Ancaq göründüyü kimi, bu şükrü səmimi olaraq hiss edə bilmək üçün əvvəlcə suyun insanlara lütf edilmiş bir nemət olduğunu anlamaq lazımdır ki, bu da "düşünmək"lə bağlıdır. Şübhəsiz, su üçün verdiyimiz bu nümunə ətrafımızdakı bütün təbii varlıqlar, canlılar və hadisələrədə aid edilir. Hamısı bizə Allah'dan bir nemətdir, amma bunu görə bilmək üçün əvvəlcə düşünmək, "əgər daha fərqli olsa nə olardı" deyə baxıb müqayisə etmək, Allah'ın hər şey üzərində nə qədər həssas ölçülər yaratdığını qavramaq lazımdır. Başqa bir ayədə təbiət hadisələri üzərində təfəkkür etməyin, bunlar üzərində ağılla düşünməyin əhəmiyyəti belə açıqlanır:

Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allah'ın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəliftərəflərə) yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır. (Casiyə surəsi, 5)

Ayədə keçən "ağılla düşünənlər" möminlərdir. Çünki ağıl ancaq iman ilə qazanılan bir üstünlükdür. İnkar edənlər isə ağıl kimi bir üstünlükdən məhrum olduqları üçün Allah'ın ayələrini dərk etməzlər, ətraflarındakı saysız-hesabsız dəlili görmədən keçərlər. Necə ki, göylərdəki və yerdəki saysız-hesabsız ayəni görməzlikdən gəlmək və bunları bilmirmiş kimi davranmaq Quranda bir müşrik xüsusiyyəti olaraq təsvir edilir: Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allah'a iman gətirir. (Yusuf surəsi, 105-106)

İman həqiqətlərini dərindən qavramaq üçün lazım olan ikinci xüsusiyyət isə məlumata sahib olmaqdır. Ancaq burada əhəmiyyətli bir cəhət də var. Bir mövzunu iman həqiqəti olaraq qəbul etmək üçün mütləq o mövzunun ən diqqət çəkici və fövqəladə yönlərini bilib, bütün detalları haqqında geniş məlumata sahib olmaq lazım deyil. Ağıl sahibi hər insan ətrafına baxdıqda bir fövqəladəlik olduğunu və hər şeyin bir yaradıcısı olduğunu dərhal anlayar. Bir böcək və ya bir iynəcə görərkən onun bir yaradanının olduğunu bilər. Bunun bir iman həqiqəti olduğunu anlamaq üçün canlının yalnız varlığı kifayətdir. Bu canlı haqqında öyrəniləcək ətraflı məlumatlar üzərində düşünmək isə imanı və şövqü artıran bir səbəbdir.

Yuxarıda misal olaraq verdiyimiz su nümunəsini xatırlayaq. Suyun həyatımız üçün əhəmiyyətini bilirik. Ancaq su ilə bağlı əsas fiziki, kimyəvi və coğrafi məlumatlara sahib olduqda suyun həyatımız üçün əhəmiyyətini daha yaxşı anlayırıq. Suyun xüsusiyyətlərini daha təfərrüatlı olaraq araşdırdıqda isə suyun donmasından genişlənməsinə, axıcılıq dəyərindən kimyəvi xüsusiyyətlərinə qədər insan həyatı üçün ola biləcək ən uyğun ölçü ilə yaradıldığını daha açıq şəkildə görürük (Bu mövzuda ətraflı məlumat üçün baxın: Harun Yəhya, Kainatın Yaradılışı, 1999). Bu da təfəkkürdə dərinləşməyimizə və şükrümüzün artmasına səbəb olar.

Yağış damlalarının quruluşu da xüsusi dizayn nümunəsidir

Şübhəsiz ki, çox məhdud məlumata sahib bir uşaq da, illərlə təhsil almış çox məlumatlı bir professor da, vicdan və səmimiyyətlə yaxınlaşdıqda Allah'ın ayələrini asanlıqla görüb anlayar. Ancaq insanın ətrafında görmədiyi varlıqları təfəkkür edə bilməsi üçün əlbəttə ki, əhatəli bir məlumata ehtiyacı var. Yaxud da ətrafında gördüyü hər hansı bir şey də olsa, onu daha dərindən təfəkkür edə bilməsi üçün yenə onun təfərrüatlarını öyrənməlidir. Əks halda etdiyi təfəkkür müəyyən bir sərhəddə qalacaq, hətta bəzən səthi olacaq. Məsələn, kosmosdakı sistemlər haqqında heç bir məlumatı olmadan göyə baxıb təfəkkür edən bir insan ilə astronomiya məlumatı ilə zəngin olan bir insanın təfəkkürü, şübhəsiz ki, bir-birindən fərqli olacaq. Ya da insan bədəni, fiziologiyası və anatomiyası haqqında geniş məlumat sahibi olan bir şəxsin insanın yaradılışındakı incəlikləri, möcüzələri dərk etməsi bu mövzuda məlumatı olmayan bir şəxslə müqayisədə daha dərin olacaq. Belə ki, Allah məlumat sahiblərinin dərk etmək və qavramaq baxımından bilməyənlərdən üstün olduğuna ayələrində diqqət çəkir:

Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq (həqiqəti) dərk edən adamlar anlayarlar. (Ənkəbut surəsi, 43)

Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır! (Rum surəsi, 22)

Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar". (Zumər surəsi, 9)

Ancaq bunu təkrar xatırlatmaq lazımdır ki, tam məlumat, onu şərh edəcək ağıl, vicdan və bəsirət olmadıqdan sonra insanı doğruya aparmaz. Ancaq səmimi və vicdanlı bir insanın sahib olduğu ətraflı məlumatlar onun Allah'ı daha yaxşı tanıması və Ona yaxınlaşması üçün əhəmiyyətlidir. Məhz bu səbəbdən, bu gün elm və texnologiyadakı nailiyyətlər də Allah'ın yaratmasındakı elmi, hikməti, sənəti və incəliyi daha yaxından görüb tanımaq üçün çox əhəmiyyətlidir.

Hal-hazırda tibb, biologiya, astronomiya kimi elm sahələri sayəsində Allah'ın yaratmasındakı möcüzələr və gözəlliklər daha dəqiq şəkildə ortaya çıxmışdır. Bu məlumatları öyrənib, Allah'ın yaratdığı hikmətlər və gözəlliklər olaraq qiymətləndirən insanların Allah'ın sonsuz qüdrətinə olan heyranlıqları daha da artır.