METAFİZİK YARADILIŞ DƏLİLLƏRİ

ŞÜUR VƏ SİRRLƏRİ

İnsanı digər bütün canlı və cansız varlıqlardan fərqləndirən cəhət onun şüur sahibi olmasıdır. Bəs şüurumuzun mənbəyi nədir? Əgər cavabınız "beyin"dirsə yanılırsınız. Çünki beynimiz də hər hansı bir stol və ya bir stəkan kimi atomların yan-yana gəlməsi ilə meydana gəlmiş maddə yığınıdır. Kürsünün atomları düşünə bilmədiyinə görə, beyninizdəki atomlar da düşünə bilməz. Bu da göstərir ki, şüurunuz fərqli bir mənbədən gəlir. Bu mənbə ruhdur.

Niyə şüurlusunuz, bunu heç düşündünüzmü?

Ətrafınıza baxdıqda, şüurun sadə bir şey olmadığını asanlıqla anlaya bilərsiniz. Oturduğunuz otaqdakı əşyalara baxın. Məsələn, bir stol düşünün. Bu stolun şüuru yoxdur. Öz varlığının fərqində deyil. Düşünmür, görmür, hiss etmir. Stolu meydana gətirən hissələrdə, məsələn taxtada, mismarlarda, yapışqanda da şüur yoxdur. Bunları daha ətraflı araşdırsanız, hamısının müəyyən molekullardan, bu molekulların da atomlardan meydana gəldiyini görərsiniz. Əlbəttə, bu atomların da bir şüuru yoxdur. Müəyyən bir nizam içində bir yerə gətirilmiş, cansız, ağılsız maddə-enerji qarışığıdır. Ətrafımızdakı hansı maddəni araşdırsaq, şüursuz olduğunu görərik. Hansı elementlərdən yaranmasından asılı olmayaraq və ya hansı formada (maye, bərk və ya qaz halında) olursa olsun maddə şüursuzdur. Stol, daş, bir stəkan su; heç birində şüur yoxdur.

Bəs sizin şüurunuz haradan gəlir?

Əgər bu suala "beynimdən" deyə cavab versəniz, bu səthi bir cavab olar. Çünki beyin də dərin düşünüldükdə stol, daş və ya bir stəkan su kimi atomların yan-yana gəlməsi ilə meydana gəlmiş maddə yığınıdır. Taxta stolda necə atomlar müəyyən nizam içində bir yerə gətirilibsə, sizin beyninizdəki atomlar da müəyyən bir nizam içində bir yerə gətirilmişdir. Stolun atomları düşünə bilmədiyi kimi, beyninizdəki atomlar da düşünə bilməzlər.

Bu da onu göstərir ki, şüurunuz beyninizdəki atomlardan, molekullardan, hüceyrələrdən daha fərqli bir mənbədən gəlir. Bu mənbə ruhdur.

"Öz-özünü təşkil etmiş maddə" səfsətəsi

Materialistlər maddədən başqa bütün varlıqları rədd etdikləri üçün ruhun varlığını da qəbul etmirlər. Bu səbəbdən, insan şüurunu beyini meydana gətirən maddələrlə əlaqələndirməyə çalışırlar. Bunun üçün istifadə etdikləri əsas fərziyyə "öz-özünü təşkil etmiş maddə" anlayışıdır. Yəni onların iddiasına görə, insana şüur qazandıran amil beyinin içindəki neyronlar arası mükəmməl əlaqələrdir. Bu neyronlar arasındakı kimyəvi və elektrik aktivliyinin "mən" dediyimiz şüuru meydana gətirdiyini iddia edirlər.

Ancaq materializmin bu iddiası heç bir dəlilə əsaslanmır və məntiqi olaraq da qəbul edilə bilməz. Maddənin yaranıb formalaşdıqca şüur qazandığını iddia etmək sadəcə ağılsız bir cəfəngiyyatdır. Həmçinin qeyd etmək lazımdır ki, bunu sübut edən heç bir dəlil yoxdur. Canlılardan başqa ən yaxşı "öz-özünü təşkil etmiş maddə"lər dövrümüzün kompyuterləridir. Amma bu kompyuterlərin heç birində "mənlik şüuru" yoxdur və bunun təmin edilə biləcəyinə dair fərziyyələrin boş olduğu da məlumdur. Bir kompüter təkmil proqramlaşdırma sayəsində çox müvəffəqiyyətli proseslər yerinə yetirə bilər, amma "şüur" sahibi ola bilməz. Bir kompyuter nə qədər inkişaf etsə də, nəticədə bir "kalkulyator"dur. Bundan əlavə, kompyuterlər insan şüuru tərəfindən hazırlanmış, böyük məlumat və texnologiya sayəsində istehsal edilmiş vasitələrdir. İnsan şüurundan çox geridə qalan kompyuterlərin təsadüfən meydana gəldiklərini iddia etmək çox məntiqsiz və ağılsız olduğu halda, kompüterlərdən daha üstün və kompleks olan insan şüurunun təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək daha məntiqsizdir.

Heç bir təsadüfi hadisə düşünmə, zövq alma, qərar vermə, ədalət, dürüstlük, mərhəmət, şəfqət, sevgi kimi hisslərə sahib olan, həyəcanlanmağı, darıxmağı, vəfanı bilən şüuru, cansız maddələri bir araya gətirərək meydana gətirə bilməz. Heç bir təsadüfi hadisə təfəkkür etməyən, düşünə bilməyən bir varlığa sənət əsərləri meydana gətirə biləcəyi, ən çətin riyazi məsələləri həll edə biləcəyi, kosmosa gedəcək texnologiyanı yarada biləcəyi, atomları araşdıraraq kəşf edə biləcəyi bir şüuru qazandıra bilməz. Yüz milyardlarla il keçsə və bütün imkanlar verilsə belə bir meymun Rembrandt kimi rəsim çəkib, Beethoven kimi mahnılar bəstələyə bilməz, New York kimi bir şəhəri inşa edib, Eynştein kimi fizikanın qanunlarını kəşf edə bilməz.

Beyinin funksiyalarından kənar varlıq

Ruhi xüsusiyyətlərin beyindən qaynaqlandığına inanan materialistlər beyinin quruluşu öyrənildikcə, getdikcə daha da çıxılmaz vəziyyətə düşürlər. Hal-hazırda beyində bütün hisslərə aid mərkəzlər müəyyən edilmişdir. Bir əzələni işlətmək üçün hansı bölgənin istifadə edildiyi, beyindəki elektrik və kimyəvi fəaliyyətlər müşahidə edilərək müəyyən olunur. Hətta bu bölgələrə edilən müdaxilələrlə müxtəlif müalicələr edilir. Yəni alimlər demək olar ki, beyinin bütün üzvi funksiyalarını, bunların hansı mexanizmlərlə çalışdığını təsbit etmişdir. Ancaq insanın fərqləndirici xüsusiyyəti olan şüura və onunla bağlı xüsusiyyətlərə aid bir bölgə beyində yoxdur. Bu səbəbdən, ruhu beyinin bir funksiyası olaraq qəbul edən (yəni ruhu maddə ilə əlaqələndirməyə çalışan) materialist anlayış insanın sirrlərini kəşf etdiyini zənn edərkən əslində böyük sirrlə qarşı-qarşıya qalmışdır.

Şüur möcüzəsi

Beyin hisslərlə bağlı çalışan və müəyyən mərkəzlərdə bu hissləri cəmləyərək bunları birləşdirən bir orqandır. Ancaq beyinlə əlaqədar bütün məlumatların cəmi belə, alimlərə şüur haqqında axtardıqları cavabı vermir. Nümunə olaraq, görmə prosesinin necə reallaşdığına nəzər salaq. Bir cisimdən, məsələn bir çiçəkdən gələn impulslar gözümüzə çatır. Göz bir kamera kimi bu görüntünü çəkir və beyindəki sinirlərə çatdırır. Sinirlər boyu hərəkət edən çiçək görüntüsünə aid məlumatlar beyinin görmə mərkəzinə çatır və bu bölgədə çiçək görüntüsü meydana gəlir. Bura qədər olan müddətdə beyinin mexaniki əməliyyatlarından bəhs olunub. Ancaq beyinin görmə mərkəzindəki çiçək görüntüsünü görən, onun bir çiçək olduğunu anlayan, yaddaşındakı digər çiçəklərlə müqayisə edən, çiçəkdən aldığı qoxularla xatirələri canlanan varlıq beyinin bizim anlaya bildiyimiz maddi quruluşunun xaricindədir. Beyinin içində yaranan görüntünü gözə ehtiyac duymadan görən, buruna ehtiyac duymadan iyləyən varlıq var. Alimləri heyrətə salan möcüzəvi cəhət budur.

Beyinin sinirlərdən, atomlardan ibarət olan maddi quruluşu insanın xidmətinə verilmiş üstün mexanizmdir. Ancaq insanın ruhuna aid olan və insanı insan edən xüsusiyyətlər beyinin bu maddi quruluşunun xaricindədir. Beyin bu xüsusiyyətlərin ortaya çıxmasında yalnız vasitəçi funksiyanı yerinə yetirir. Yəni ruhun öz xaricindəki dünya ilə əlaqəsi beyindəki qəbul mərkəzləri sayəsində reallaşır.

Şüur məfhumu ilə bağlı tədqiqatları ilə tanınan məşhur alim Ecclesin bu mövzudakı izahı belədir: "Materialistlər bizim təcrübə etdiyimiz bənzərsizlik qarşısında çarəsiz qaldıqları üçün "Mənlik və ya Ruh" bənzərsizliyinə fövqəltəbii, ruhi bir yaradılış xüsusiyyəti vermək məcburiyyətində qalıram. Nəzəri terminlərlə açıqlamaq lazım olsa: hər bir ruh mayalanma və doğum arasında inkişaf edən embriona əkilmiş yeni bir İlahi yaradılışdır."

Şüur, bir anda ortaya çıxmış, yalnız insana xas üstün xüsusiyyətdir. Allah bu xüsusiyyəti insana düşünüb təfəkkür etməsi üçün vermişdir. İnsan aləmləri yoxdan var edən uca Allah'ı lazım olduğu kimi tanıyıb təqdir etməli və özünə verilən saysız nemətə hər an şükr etməlidir.

ZƏKA NƏDİR?

Zəka, ən geniş mənada insanın düşünmə, gerçəkləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin məcmusudur. İlk dəfə qarşılaşılan, ya da ani olaraq inkişaf edən hadisələrə uyğunlaşma, anlama, öyrənmə, analiz qabiliyyəti, beş duyğunun, diqqətin və düşüncənin cəmləşməsi, təfərüatlara diqqət yetirilməsi zəka sayəsində reallaşdırılır. Zəka ilə bağlı nəzəriyyələrin hamısında zəkanın insanın doğuşdan sahib olduğu, nəsildən nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarını əhatə edən; təcrübə, öyrənmə və ətrafdan qaynaqlanan faktorlarla formalaşan bir birləşmə olduğu ifadə olunur.

Zəkanın mərkəzi: beyin

Zəkanın beyində yerləşdiyi qəbul edilir. Bir insan beynində 10 milyarddan çox sinir hüceyrəsi var, hər bir hüceyrə təxminən 10.000 hüceyrə ilə əlaqəli şəkildə çalışır. Neyron adlanan bu sinir hüceyrələrində siqnallar çox kompleks elektro-kimyəvi hadisələr zənciri ilə meydana gələn və sayı saniyədə 1000-ə qədər çıxa bilən titrəşmələr halında çatdırılır. Bir insan "yeni bir mühitdə müxtəlif problemlər həll edərkən beyninin hansı sahələrini istifadə edir" sualı zəkanın iki təməl ünsürü olduğunu ortaya çıxarmışdır. Bunlar yeni bir məlumatı işləmə sürəti və yaddaşın sürətidir. Ağıllı insanlar qısa daimi yaddaşlarında daha çox sayda məlumat saxlaya bilir və bu məlumatlar üzərində müxtəlif əməliyyatlar reallaşdırırlar.

Tədqiqatlar daha ağıllı insanların beyin fəaliyyətlərini daha kiçik sahələrə sığdıraraq, kompleks əməliyyatları təhlil edə bildiklərini göstərir. Bu şəxslərin beyinlərindəki aktiv olan sahələr o iş üçün özlərinə lazım olan sahələrdir. Daha az qabiliyyətli şəxslərin isə eyni əməliyyat üçün beyinlərində daha geniş bir sahəni aktiv etmələri və bunun üçün də daha çox enerji sərf etmələri lazımdır. Qısacası, elmi nailiyyətlər daha ağıllı beyinlərin daha məhsuldar işlədiklərini ortaya qoyur.

NECƏ GÖRÜRÜK?

Yaşadığımız dünya ilə bağlı bütün məlumatları beş duyğu orqanlarımız vasitəsilə qəbul edirik. Gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimiyin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Dünyaya gəldiyimiz andan etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik. Görmə çox mərhələli bir şəkildə reallaşır.

Görmə əsnasında hər hansı bir cisimdən gələn işıq hissəcikləri (fotonlar) gözün önündəki büllurun içindən qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə xəbərdarlıqları sinirlər vasitəsilə beyinin arxa tərəfindəki görmə mərkəzinə çatdırılır. Bu elektrik siqnalı çox mərhələli əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü hesab edilir. Yəni, görmə hadisəsi əslində beyinin arxasındakı kiçik, işığın heç bir şəkildə girə bilmədiyi, qapqaranlıq bir bölgədə baş verir. İndi hər kəs tərəfindən bilinən bu məlumat üzərində bir daha da diqqətlə düşünək: Biz "görürəm" deyərkən, əslində gözümüzə gələn informasiyaların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsiri" görürük. Yəni, "görürəm" deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edirik. Həyatımız boyu gördüyümüz hər görüntü bir neçə sm-lik görmə mərkəzində meydana gəlir. Oxuduğunuz bu sətirlər də üfüqə baxarkən gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Burada diqqət yetirilməsi vacib olan başqa bir cəhət də var. Kəllə sümüyü işığı içəri keçirmir, yəni beynin içi qapqaranlıqdır. Başqa sözlə, beyinin işıqla təmasda olması əsla mümkün deyil.

GERÇƏK MÜTLƏQ VARLIQ ALLAH'DIR

Hal-hazırda elmi nailiyyətlər göstərir ki, maddi dünyaya çatmağımız qeyri-mümkündür. Təmasda olduğumuz bütün obyektlər əslində görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Qəbul mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz həyatımız boyu maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki kopiyaları ilə təmasda olur. Biz isə bu kopiyaları xaricimizdəki gerçək maddə zənn edərək yanılırıq. Əlinizdəki jurnal, içində oturduğunuz otaq, qısacası, önünüzdəki bütün görüntülər əslində beyninizin içindədir. Bəs bu görüntüləri beyninizin içində görən kimdir?

Beyninizin içində bir gözə ehtiyac duymadan bu jurnalın görüntüsünü görən, gördüklərini anlayan, oxuduqlarından təsirlənən, bunlar üzərində düşünən kimdir? Beyinə çatan elektrik siqnallarını qulağa ehtiyac duymadan dinləyən, dinlədiklərindən zövq alan kimdir? Bu qəbul etdikləri ilə düşünən, sevinən, kədərlənən, həyəcanlanan varlıq zülal və yağlardan ibarət olan beyin ola bilərmi?

Bu suallar üzərində düşünən insan şüurlu olaraq görən, eşidən və hiss edən varlığın maddədən kənar varlıq olduğunu dərhal görəcək. Məhz bu varlıq "ruh"dur. "Maddi dünya" dediyimiz hisslər cəmi bu ruh tərəfindən seyr edilən bir xəyaldır. Biz bu xəyalın beynimiz xaricində maddi bir qarşılığı varmı əsla bilmirik. Çünki duyğularımız vasitəsilə heç bir zaman beynimizin xaricindəki dünyaya çata bilmərik. Necə yuxularımızda maddi qarşılığı olmayan hadisə və obyektləri gerçək kimi görürüksək, bu dünya həyatına aid görüntüləri də maddi qarşılıqları olmadan, beynimizdə yaranan görüntülər olaraq görə bilirik.

Yekun olaraq, bizim maddə hesab etdiyimiz hər şey ruhumuzun gördüyü hisslərdən ibarətdir. Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar atom və molekul yığını, onların arasındakı kimyəvi reaksiyalar deyil, "ruh"dur. Bütün bu həqiqətlər bizi çox əhəmiyyətli bir sualla qarşı-qarşıya qoyur: Madam maddi dünya olaraq tanıdığımız şey əslində ruhumuzun gördüyü hisslərdən ibarətdir, o halda bu hisslərin mənbəyi nədir?...

Bu suala cavab verərkən bu həqiqətə diqqət yetirmək lazımdır; maddənin müstəqil varlığı yoxdur. Maddə qavrayış olduğuna görə, "süni"dir. Bu qavrayışın başqa bir güc tərəfindən yaradılması lazımdır. Həm də davamlı olaraq yaradılması lazımdır. Bu, bir televiziya ekranında görüntünün davam edə bilməsi üçün yayının da fasiləsiz davam etməsi kimidir. Bəs bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi davamlı olaraq seyr etdirən kimdir? Çox aydındır ki, içində yaşadığımız bütün maddi kainatı, yəni hisslər cəmini yaradan və davamlı yaratmağa davam edən üstün bir Yaradıcı var. Bu Yaradıcı sonsuz güc və məlumat sahibidir. O Yaradıcı Aləmlərin Rəbbi olan uca Allah'dır.