QURANDA YARADILIŞ DƏLİLLƏRİ
İnsanlar Allahın Zatını görə bilməzlər, ancaq Onun varlığını, qüdrətini və bəzi isimlərini yaratdığı varlıqlara baxaraq anlaya bilərlər. Hər rəsmin öz rəssamını tanıtması kimi canlı və cansız varlıqlar da özlərini yaradan Allahı bizə tanıdırlar. İnsanlar yaradılış dəlillərini müşahidə etməli və bunlar haqqında düşünməlidirlər. Allah Quranda dəvə, ağcaqanad, arı, hörümçək kimi müxtəlif heyvanları, bitkiləri, ağacları, dağları, yerləri, göyləri iman həqiqəti, yəni yaradılış möcüzəsi kimi nümunə göstərmişdir. Bu kimi iman həqiqətlərinə diqqət çəkilən ayələrdən bəziləri belədir:
Məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini (görmürlər)? Dağların necə sancıldığını (görmürlər)? Yerin necə döşədildiyini (görmürlər)? (Ğaşiyə surəsi, 17-20)
Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: "Bu məsəllə Allah nə (demək) istədi?" Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)
Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get". (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara (belə) izah edir. Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında (Allahdan) qorxan adamlar üçün dəlillər vardır. (Yunus surəsi, 5-6)
Əlbəttə ki, yaradılış dəlilləri yalnız bu ayələrdəki nümunələrlə məhdud deyil. Ətrafımızda gördüyümüz və ya görə bilmədiyimiz bir çox varlıq vicdanı və ağılı ilə qiymətləndirən hər insan üçün iman həqiqətidir. Məsələn, bağçadakı qarışqalar, stolun üstündəki çiçək, küçədəki və ya evimizdəki pişik, it və ya quş, bədənimizdəki, göylərdəki və yerdəki nizam, yağışın yağması, kosmosdan gələn zərərli şüa və maddələrdən bizi qoruyan atmosfer, eləcə də bunlar kimi başqa canlı-cansız varlıqlar Allahı tanımaq istəyən hər insan üçün yaradılış dəlilidir. Nəhəng bir ulduzun quruluşu böyük iman həqiqəti olduğu kimi, bədənimizin hər hansı bir orqanı da insanı imana yönəldən həqiqətdir.
YARADILIŞ DƏLİLLƏRİNİN ƏHƏMİYYƏTİNƏ QURANDA DİQQƏT ÇƏKİLİR
Quranda insanı Allahın yaratdığı, yaranma məqsədinin Ona ibadət və qulluq etmək olduğu, onu ölümdən sonra sonsuz axirət həyatının gözlədiyi açıq-aşkar bildirilir. İnsan da bu "dəlillər" haqqında dərin düşünməyə çağırılır. Quranda Allahın varlığının, birliyinin və sifətlərinin qəti dəlilləri olan hadisələr və ya varlıqlar isə "ayə" kimi müəyyən olunur. Allahın ayələri Quranda yazılı olduğu kimi, xarici dünyada və insanın öz nəfsində də var. Quranda bu həqiqət "Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır. Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?" (Zariyat surəsi, 20-21) ifadəsi ilə vurğulanır. Həmin həqiqət başqa ayələrdə də belə ifadə edilir: (Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. (Casiyə surəsi, 3)
Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir... (Şura surəsi, 29)
Məlum olduğu kimi, Allahın varlığını və sonsuz qüdrətini sübut edən dəlillər yalnız Quranda deyil, yaşadığımız hər mühitdə var. Pəncərəyə qonan quş, bağçada gördüyümüz çiçək, səmadakı ulduz, bir sözlə, yaşadığımız müddətcə qarşımıza çıxan hər şey Rəbbimiz tərəfindən mənən "oxumağımız" üçün bizə göndərilən mesajdır. Əgər belə qiymətləndirsək, tək bir çiçək də bir məktubdur. Onu oxuya bilənə Yaradıcımızın mesajını gətirmişdir. Digər tərəfdən, elmin əldə etdiyi son nəticələr də Quranın haqq Kitab olduğunu sübut edir. Çünki kainatın yoxdan yaranması və genişlənməsi, göylərlə yerin bir-birindən ayrılması, göy cisimlərinin orbitləri, Yerin kürə formasında olması, səmanın qorunmuş tavan funksiyası yerinə yetirməsi, atmosferin layları, yağışın meydana gəlməsi, küləklər, dənizlərin bir-birinə qarışmaması kimi Quranda möcüzəvi şəkildə 1400 il əvvəl bildirilən bir çox iman həqiqəti ancaq son əsrin elmi nailiyyətləri nəticəsində bir-bir aydın olmuşdur. Heç bir insana məlum olmayan bəzi məlumatların Quranın vəhy edildiyi dövrdə ayələrdə açıqlanması onun Allahın sözü olduğunu bir daha sübut edir.
DÜŞÜNMƏK VƏ MƏLUMAT SAHİBİ OLMAQ
Vicdan sahibi insan ətrafındakı hər şeyin bir iman həqiqəti olduğunu bilir. Dənizdəki ovunu tutmaq üçün suya şığıyan bir qağayının, torpaq üzərində yeriyən kiçik bir qarışqanın, hər il kilolarla meyvə verən bir alma ağacının, tonlarla ağırlığına baxmayaraq, səmada dayanan buludların, qısası, gözünü çevirdiyi hər yerdə gördüyü hər şeyin Allahın varlığının dəlilləri olduğunu dərk edir.
Ancaq Quran ayələrində iman həqiqətlərinin daha yaxşı qavranılması üçün iki vacib xüsusiyyətdən də bəhs edilir: düşünmək və məlumat sahibi olmaq ... Allah Quranda insanları daim göylərdəki, yerdəki və ikisinin arasındakı yaradılış dəlillərini, yəni iman həqiqətlərini düşünməyə dəvət edir:
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)
Allah Quranın bir çox ayəsində yaratdığı varlıqlar haqqında düşünərək bunlardan öyüd və ibrət götürməyimizi istəyir. Ətrafımızdakı canlı-cansız bütün varlıqlar bizim Allahın üstün yaratma gücünü, sənətini, elmini dərin-dərin təfəkkür etməyimiz üçün yaradılmışdır. Ayədə də ifadə olunduğu kimi, bunların heç biri boş yerə yaradılmamışdır. Bunlara etinasızlıq etmək və düşünməmək isə Allahın ayələrindən üz çevirməkdir. Mömin belə davranmaqdan qətiyyətlə uzaq durmalıdır. Quranın müxtəlif yerlərində Allahın ayələrindən və yaradılış dəlillərindən üz çevirənlərin “inkarçılar” olduğu vurğulanır.
İnsanın dərinləşməsində, imanının artmasında iman həqiqətlərinin əhəmiyyəti bir çox ayədə vurğulanır. Məsələn, bir ayədə möminlərin göylərin və yerin yaradılışı haqqında dərin düşündüklərindən belə bəhs edilir: O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)
Allah yaradılış dəlillərinin düşünən insanlar üçün dəyəri olduğunu ifadə etmişdir. Ancaq düşünmək deyilərkən bəzi insanların zənn etdiyi kimi, "Allah nə qədər gözəl yaratmış" və ya "necə gözəl güldür" kimi yalnız dildə əzbərlənmiş ifadələr nəzərdə tutulmur. Allahın yaratdıqları haqqında ətraflı düşünmək, yaradılışdakı hikmət və incəlikləri görmək, beləliklə, Allahın sonsuz elminə, qüdrətinə və sənətinə şahid olmaq lazımdır. Bunun üçün də ətrafımızda gördüyümüz varlıqları, hadisələri araşdırmalı, təhlil və müqayisə etməli, düşünüb nəticə çıxarmlıyıq. Allah bir ayəsində bizə belə bildirir:
İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)
Su dünyanın hər tərəfində yayılan, demək olar ki, hər zaman asanlıqla əldə etdiyimiz nemətdir. İnsanların əksəriyyəti də həyatları boyu hər gün içdikləri su haqqında, bəlkə, bir dəfə belə düşünməmişlər. Suyun varlığını və bizim ehtiyaclarımıza uyğun olmasını adi hadisə kimi qəbul etmişlər. Halbuki yuxarıdakı ayələrdə bildirildiyi kimi, əgər Allah diləsə idi, suyun fiziki və kimyəvi xüsusiyyətləri, dünyanın atmosfer quruluşu və ya temperaturu daha fərqli olardı. O zaman "bulud" olmaz, bulud olmadığı üçün də yer üzündə şirin su qaynaqları mövcud olmazdı. Bizə yalnız dənizlərin duzlu suyu qalardı ki, belə dünyada insan və ya həyat mövcud olmazdı, yaxud da çox çətin şəraitdə və daimi su böhranı vəziyyətində yaşayardıq. Şirin su olmadığı üçün əkinçilik və taxıl yetişdirmək mümkün olmazdı, eləcə də bütün dünya səhralaşar və qıtlıq olardı. Allah isə bizə həm şirin su qaynaqları vermiş, həm də bunları dünyanın, demək olar ki, hər bölgəsinə paylamışdır. Bu nemətə görə, əlbəttə, Allaha şükür etməliyik.
Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki, onunla taxıl və digər bitkilər yetişdirək, habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq). (Nəbə surəsi, 14-16)
Səmimi olaraq şükür etmək üçün əvvəlcə suyun insanlara lütf edilmiş bir nemət olduğunu anlamaq lazımdır ki, bu da "düşünmək"lə mümkündür. Şübhəsiz, su üçün verdiyimiz bu nümunə ətrafımızdakı bütün varlıqlar, canlılar və hadisələrə də aiddir. Hamısı bizə Allahdan nemətdir, amma bunu görə bilmək üçün əvvəlcə düşünmək, "əgər daha fərqli olsa, nə olardı" deyə baxıb müqayisə etmək, Allahın hər şey üzərində hakim olduğunu qavramaq lazımdır. Başqa bir ayədə təbiət hadisələri barəsində təfəkkür etməyin, bunlar haqqında düşünməyin əhəmiyyəti belə açıqlanır:
Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri (müxtəliftərəflərə) yönəltməsində ağılla düşünənlər üçün dəlillər vardır. (Casiyə surəsi, 5)
Ayədə keçən "ağılla düşünənlər" möminlərdir, çünki ağıl ancaq iman ilə qazanılan üstünlükdür. İnkar edənlər isə ağıl kimi üstünlükdən məhrum olduqları üçün Allahın ayələrini dərk etmirlər, ətraflarındakı saysız-hesabsız dəlili görmədən keçirlər. Göylərdəki və yerdəki saysız-hesabsız ayələrə nəzər yetirməmək, həmçinin bunlara əhəmiyyət verməmək Quranda müşrik xüsusiyyəti kimi təsvir edilir: Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşaraq Allah'a iman gətirir. (Yusuf surəsi, 105-106)
İman həqiqətlərini dərindən qavramaq üçün lazım olan ikinci məqam isə məlumata sahib olmaqdır. Ancaq burada əhəmiyyətli bir cəhət də var. Bir mövzunu iman həqiqəti kimi qəbul etmək üçün mütləq o mövzunun ən diqqətçəkici və fövqəladə yönlərini bilib, bütün detalları haqqında geniş məlumata sahib olmaq lazım deyil. Ağıl sahibi hər insan ətrafına baxdıqda fövqəladəlik olduğunu və hər şeyin bir yaradıcısı olduğunu dərhal anlayır. Bir böcək və ya bir iynəcə görərkən onun bir yaradanının olduğunu bilir. Bunun iman həqiqəti olduğunu anlamaq üçün canlının yalnız varlığı kifayətdir. Bu canlı haqqında ətraflı məlumata sahib olmaq isə insanın iman və şövqünü artıran səbəblərdir.
Yuxarıda misal verdiyimiz su nümunəsini xatırlayaq. Suyun həyatımız üçün əhəmiyyətini bilirik. Ancaq su ilə bağlı əsas fiziki, kimyəvi və coğrafi məlumatlara sahib olduqda onun həyatımız üçün dəyərini daha yaxşı anlayırıq. Suyun xüsusiyyətlərini daha təfərrüatlı araşdırdıqda isə suyun donmasından genişlənməsinə, axıcılıq dəyərindən kimyəvi xüsusiyyətlərinə qədər insan həyatı üçün ən uyğun ölçü ilə yaradıldığını daha dəqiq görürük (Bu mövzuda ətraflı məlumat üçün baxın: Harun Yəhya, Kainatın Yaradılışı). Bu da təfəkkürdə dərinləşməyimizə və şükrümüzün artmasına səbəb olur.
Yağış damlalarının forması
Şübhəsiz ki, məhdud məlumata sahib bir uşaq da, illərlə təhsil almış professor da vicdan və səmimiyyətlə yaxınlaşdıqda Allahın ayələrini asanlıqla görüb anlayar. Ancaq insanın ətrafında görmədiyi varlıqları təfəkkür etməsi üçün, əlbəttə ki, geniş məlumata ehtiyacı var. İnsan ətrafında gördüyü hər hansı bir şeyi daha dərindən təfəkkür etmək üçün onun təfərrüatlarını öyrənməlidir. Əks halda təfəkkürü müəyyən sərhədlə məhdudlaşar, hətta bəzən səthi olar. Məsələn, kosmosdakı sistemlər haqqında heç bir məlumatı olmadan göyə baxıb təfəkkür edən bir insan ilə astronomiya məlumatı zəngin olan bir insanın təfəkkürü, şübhəsiz ki, bir-birindən fərqli olacaq. İnsan bədəni, fiziologiyası və anatomiyası haqqında geniş məlumata sahib olan şəxsin yaradılışdakı incəlikləri, möcüzələri dərk etməsi bu mövzuda məlumatsız insanla müqayisədə daha xeyirli olacaq. Allah məlumat sahiblərinin dərk etmək və qavramaq baxımından bilməyənlərdən üstün olduğuna ayələrində diqqət çəkir:
Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq (həqiqəti) dərk edən adamlar anlayarlar. (Ənkəbut surəsi, 43)
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır! (Rum surəsi, 22)
Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə (kafirlə eynidirmi?) De: "Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? (Bundan) ancaq ağıl sahibləri düşünüb ibrət alarlar". (Zumər surəsi, 9)
Bunu təkrar xatırladaq ki, məlumatı şərh edəcək ağıl, vicdan və bəsirət olmadıqda o məlumat insanı doğru yola aparmaz. Səmimi və vicdanlı insanın sahib olduğu ətraflı məlumatlar onun Allahı daha yaxşı tanıması və Ona yaxınlaşması üçün səbəb olar. Beləliklə, bu gün elm və texnologiyadakı nailiyyətlər də Allahın yaratmasındakı elmi, hikməti, sənəti və incəliyi daha yaxından görüb tanımaq üçün çox əhəmiyyətlidir.
Hal-hazırda tibb, biologiya, astronomiya kimi elm sahələri sayəsində Allahın yaratmasındakı möcüzələr və gözəlliklər daha dəqiq ortaya çıxmışdır. Bu məlumatları öyrənib, Allahın yaratdığı hikmətlər və gözəlliklər kimi qiymətləndirən insanların Onun sonsuz qüdrətinə heyranlıqları daha da artır.