TORPAQDAN LƏZZƏTİN ÇIXARILMASI
Bir meyvə ağacında və ya hər hansı bitkidə insanın nail ola bilmədiyi üstün ağıl, məlumat və texnologiya mövcuddur.
Toxumun içində ondan çıxan ağacın forma və quruluşu, hətta bar verəcəyi meyvə haqqında bütün məlumatlar mövcuddur. Meyvə isə, həqiqətən də, möcüzədir. Meyvənin ən vacib xüsusiyyəti insanın dad zövqünə və sağlamlığına tam uyğun olmasıdır. Hər meyvə özünəxas ləzzətə və qoxuya malikdir, həmçinin rəngləri də çox estetikdir. Bununla
yanaşı, hər meyvə mükəmməl "qabıq"la örtülmüşdür. Naringi, portağal və banan kimi meyvələr çox gözəl və asan soyulan "qabıq"lara sahibdirlər.
Məsələn, portağal dadlı olsa da, dadı çox acı, qoxusu pis və rəngi də palçıq kimi ola bilərdi. Halbuki hər meyvənin özünəxas gözəl dadı və qoxusu olur, bu dad və qoxuları torpaqdan əldə edirlər. Torpağın çox yaxşı ətri yoxdur, dadı isə pisdir. Ancaq ağac bu palçıq içindən özünə lazımlı olan maddələri seçir, bunları kimyəvi proseslərdən keçirərək gözəl dad və qoxular istehsal edir.
Ağacın torpaqdan yaxşı qoxu və dad əldə etdiyini söyləyirik, amma vəziyyət daha da mürəkkəbləşir. Çünki "yaxşı qoxu", "yaxşı dad" kimi anlayışlar insana aid anlayışlardır, ağac özbaşına dad və ya qoxunun yaxşı, yoxsa pis olduğunu haradan bilir? Bunun üçün insanın zövqlərindən xəbərdar olmalıdır. İnsanın nədən ləzzət aldığını, hansı dadı bəyəndiyini, necə dil quruluşuna sahib olduğunu öyrənməlidir. Bunları öyrəndikdən sonra isə palçığın içindən yığdığı maddələrlə mükəmməl kimyəvi proseslər reallaşdırmalıdır.
Ağacın inanılmaz qabiliyyəti yalnız qoxu, dad və ya rənglə də məhdud deyil. Bu taxta parçası insan bədəninin hansı vitaminlərə ehtiyac duyduğunu da bilir və onları meyvənin içinə yerləşdirir. Hətta bu vitamin ehtiyaclarının mövsümlərə görə nizamlandığını görürük. Qış aylarında məhsul verən portağal, naringi kimi meyvə növlərinin tərkibində yay meyvələrinə görə daha çox C vitamini var. Məqsəd qışın soyuğuna qarşı insanı ehtiyacı olan C vitamini ilə təmin etməkdir.
FOTOSİNTEZ VƏ OKSİGEN
Atmosferdəki oksigenin təxminən 30%-i qurudakı bitkilər tərəfindən, 70%-i isə dənizlərdə və okeanlardakı fotosintez edən bitkilər, həmçinin təkhüceyrəli canlılar tərəfindən hasil olunur. Fotosintez deyiləndə bir çox insanın ağlına yalnız yaşıl bitkilər gəlir, halbuki okeanlar da oksigen qaynağıdır. Burada maraqlı bir məqam var: qurudakı yaşıl örtüyü davamlı məhv edən insanların oksigenin əsas mənbəyi olan okeanları eyni sürətlə yox edə bilmirlər. Allahın fotosintez edən fərqli canlılar yaratması tükənməz enerji qaynağına sahib olmağımızı təmin edir.
Bioloji olaraq ehtiyac duyduğumuz bütün enerjini ya birbaşa, ya da otyeyən heyvanlar vasitəsilə bitkilərdən alırıq. Günəş şüası saf enerji mənbəyidir, ancaq xam olaraq o qədər də rahat enerji forması deyil. Bu enerjini bədəndə birbaşa istifadə etmək, ya da depolamaq mümkün deyil. Buna görə günəş enerjisinin fərqli enerji növünə çevrilməsi lazımdır. Bunu da fotosintez edir, bu proses vasitəsilə bitkilər günəş enerjisini daha sonra istifadə edəcəkləri enerjiyə çevirirlər. Fotosintez prosesi yarpaqlardakı "fotosintetik reaksiya" mərkəzlərində reallaşır. Günəş enerjisi istifadə edilərək havadakı karbondioksit nişastaya və digər yüksək enerjili karbohidratlara çevrilir. Ortaya çıxan oksigen isə havaya buraxılır. Bitki daha sonra qidaya ehtiyac duyduqda bu karbohidratlarda depoladığı enerjini istifadə edir. Biz də bu bitkilərlə qidalanaraq enerji ehtiyacımızı qarşılayırıq. Belə mürəkkəb proses nəticəsində bütün canlılar yaşamaq üçün lazımi qidanı əldə edirlər, bəzi canlıların ehtiyaclarının digər canlıların tullantıları ilə eyni olması Allahın sonsuz elminin və ağılının əsəridir:
Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də (haqdan) döndərilirsiniz! (Fatir surəsi, 3)
Fotosintez və Həyat
Avtomobilinizin mühərriki günəş enerjisi ilə işləyir. Reaktiv təyyarələr günəş enerjisi sayəsində uçur. Siz də bu yazını oxuyarkən günəş enerjisi sərf edirsiniz. Əlbəttə, bir az əvvəlki sətirləri oxuduqda ağlınıza ilk o gələcək ki, avtomobil benzin ilə işləyir, reaktiv təyyarələr isə təyyarə yanacağı istifadə edir. Bu yazını oxumaq üçün ehtiyacınız olan enerjini də Günəşdən deyil, ən son yediyiniz qidalardan aldığınızı düşünəcəksiniz. Halbuki benzin də, yediyiniz qidalar da, hətta yanacaq kimi istifadə edilən odun və kömür də fotosintezdən əldə edilən enerjiyə sahibdirlər.
Bu proses necə olur? Bundan milyonlarla il əvvəl fotosintez edərək günəş enerjisini depolayan bitkilər və bu bitkiləri yeyən heyvanlar torpağın dərinliklərində, yüksək təzyiq altında, milyonlarla il keçəndən sonra bildiyimiz "neft"i meydana gətirirlər. Kömür və təbii qaz da eyni şəkildə meydana gəlir. Qısacası, fotosintez sayəsində bitkilərdə depolanan günəş enerjisi milyonlarla il sonra insanların xidmətinə başqa yolla verilir.
Eyni şəkildə, yediyimiz qidalardan əldə etdiyimiz enerji də bitkilərin depoladıqları günəş enerjisindən ibarətdir. Heyvan mənşəli qidalardan əldə etdiyimiz enerji də o heyvanların bitkilərlə qidalanaraq aldıqları enerjidir. Enerjinin qaynağı hər zaman Günəş, bu enerjini insanın istifadəsi üçün əlverişli hala gətirən sistem isə hər zaman fotosintezdir.
Təəccüblü gələ bilər, amma gündəlik həyatımızda istifadə etdiyimiz bir çox vəsait, məsələn, kağız, pambıq və digər təbii liflərin, demək olar ki, hamısı fotosintezlə çıxarılan sellülozadan ibarətdir. Hətta yun istehsalı belə fotosintez sayəsində əldə edilən enerjidən asılır. Bütün bitki və heyvan mənşəli məhsullar, neft kimi üzvi maddələrdən hazırlanılan saysız məhsulların qaynağı fotosintez sayəsində əldə edilən günəş enerjisidir.
İYNƏYARPAQLI AĞACLAR
İynəyarpaqlı ağaclar araşdırılanda insanın qar əleyhinə gördüyü tədbirin ağacların çoxdan aldığını görürük. Ağacın konus şəklinin yaratdığı maillik üzərinə düşən qarın asanlıqla yerə tökülməsinə şərait yaradır. Beləliklə, ağacın üzərində həddindən artıq qar toplanmır, ağac budaqlarının qırılmasının qarşısı alınır. Bunun haqqında düşünmək lazımdır. Soyuq iqlimlərdə qarın budaqlar üzərindəki təsirini hesablayan, buna görə ağac budaqlarının ən ideal mailllik ilə böyümələrini təmin edən, bu yolla qarın təsirini azaldan ağıl kimə aiddir?
Ağaca? Torpağa? Yoxsa şüursuz, kor təsadüflərə? Əlbəttə, ağaca bu dizaynı verən, ağacı da, bitki hüceyrələrini də, torpağı da yoxdan var edən Allahdır.
Bu dizaynın başqa bir möcüzəvi yönü də var. Ağacın həmin quruluşu yağan bütün qarın aşağı düşməsinə imkan vermir. Müəyyən miqdarda qarın ağacın budaqlarında qalmasına izn verir. Bu da başqa bir məqsədə xidmət edir. Ağacın üzərində az miqdarda qalan qar ağacı soyuqdan qoruyan örtük funksiyasını yerinə yetirir və yarpaqlardan rütubətin çölə çıxmasını azaldaraq su itkisinin qarşısını alır.
Bitkilər bu müxtəliflik və fərqli strukturlarla Yaradıcımız olan Allahın sonsuz elm və sənətini nümayiş etdirirlər. Bir ayədə belə buyurulur: "O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik." (Loğman surəsi, 10)
TOXUMDAKI QEYRİ-ADİ GÜC: CÜCƏRMƏ
Toxumların çox qeyri-adi bir xüsusiyyəti var. Toxumlar aid olduqları bitkinin hər budağına, hər yarpağına, bu yarpaqların sayına, quruluşlarının necə olacağına, qabığının nə rəngdə və hansı qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib verməyəcəyinə, verəcəksə, bu meyvələrin dadlarına, qoxularına, quruluşlarına, rənglərinə dair bütün məlumatlara sahibdirlər. Toxumlar bütün bu məlumatları milyonlarla il saxlayır, sonrakı nəsillərinə heç bir qüsur və əskiklik olmadan ötürürlər. Bu möcüzəvi hadisəyə yaxından şahid olmaq üçün evlərimizdəki tərəvəzləri, meyvələri və çiçəkləri araşdırmağımız kifayətdir.
Torpağın yarılması
Başdan-başa bir möcüzə olan toxum yer üzünə cücərmə ilə çıxır. “Cücərmə” kiçik bir toxumun torpağı yarması deməkdir. Toxumun üzərindəki ağır torpaq kütləsini yararaq zoğ verməsi insanın üzərindəki yüzlərlə kiloluq yükü çətinlik çəkmədən yarıb keçməsinə bənzəyir. Bəs toxumun torpaqdan möcüzəvi şəkildə çıxması necə reallaşır? Kiçik bir toxum torpağı yaracaq bu gücü haradan tapır? Yetkinləşən bir toxum dərhal cücərmir. Toxumun cücərməsi üçün lazımi istilik, rütubət və oksigen kimi bir çox faktor olmalıdır. Bu şərtlər olduqda yuxu halındakı toxum canlanmağa başlayır. Bir toxumun cücərməsi üçün əvvəlcə suya ehtiyacı var. Çünki yetişmiş toxumlardakı maddələr mübadiləsinin aktivləşməsi, yəni böyümə prosesinin başlaması üçün hüceyrədə sulu mühit olmalıdır. Bu ehtiyac toxumların islanması ilə qarşılanır. Toxumdakı maddələr mübadiləsinin hərəkətə keçməsi ilə birlikdə kök və zoğ da böyüyür, hüceyrədə bölünmə prosesi başlayır.
Bu mərhələdə isə mütləq oksigenə ehtiyac var. Toxum oksigenli tənəffüslə enerji və istilik istehsalına başlayır. Çünki yeni yaranan bitkinin böyüməsi üçün enerjiyə ehtiyac var. Lakin toxumun hələ kökləri yoxdur. Başqa sözlə, torpaqdakı minerallardan faydalana bilmir. Bəs bu vəziyyətdə toxum böyüməsi üçün lazım olan qidanı necə əldə edir?
Toxumun içindəki möcüzəvi qida anbarı
Kök atmamış toxum torpaqdakı minerallardan faydalana bilmir. Hər şeyi qüsursuzca yaradan Allah toxumun içinə kökləri inkişaf edənə qədər onu bəsləyən qida anbarı yerləşdirmişdir. Bu qida anbarı toxumun bütün ehtiyaclarını qarşılayır. Toxumlar bitki kimi öz qidalarını təmin edənə qədər bu ehtiyat qidalardan istifadə edirlər.
Toxum cücərməmişdən əvvəl yuxu halında olur. Toxumun yuxu halında qalmasını təmin edən isə bəzi bitki hormonlarıdır. Toxum isladıldıqda embrion hüceyrələrindəki fermentlər fəaliyyətə keçərək yeni hormon ifraz etməyə başlayır. Bu hormon yuxu vəziyyətinə son qoyur və böyümə fermentləri fəaliyyətə keçir. Toxumun içində şəkər istehsal olunur, beləliklə, toxumun cücərməsi üçün lazım olan enerji təmin edilir.
İnsanlar, adətən, toxumu torpağa əkdikdən sonra baş verən bu proseslərdən xəbərdar olmurlar. Bir neçə gün sonra o toxumun cücərməsinə və yavaş-yavaş bitkiyə çevrilməsinə təbii baxırlar. Halbuki toxumun cücərməsi üçün bir çox mürəkkəb proseslər baş verməlidir. Ağırlığı "qram"larla ölçülən toxum kilolarla ağırlıqdakı torpağı deşərək yuxarı çıxarkən çətinlik çəkmir. Toxumun tək məqsədi torpağın üstünə çıxıb işığa çatmasıdır. Cücərməyə başlayan bitkilər incə gövdələri ilə sanki üzərlərində torpağın ağırlığı yoxmuş kimi rahatlıqla gün işığına doğru yönəlirlər. Toxumdan çıxan hər çıxıntı hara gedəcəyini bilir. Zoğlar torpağın üstünə, yəni günəşə doğru hərəkət edir, köklər isə torpağın dərinliklərinə doğru gedərək ondakı mineralları toplamağa başlayırlar. (Harun Yəhya, Toxum Möcüzəsi)
Toxumdakı şüurlu davranışla bağlı bəzi təcrübələr aparılmışdır. Torpağın altındakı toxumun səthə çıxış yolu müxtəlif üsullarla bağlanılmış, gün işığına çıxmasına mane olunmuşdur. Təcrübələrin nəticələri isə çox heyrətləndirici olmuşdur. Toxum ya önünə çıxan hər maneəyə əngəl olaraq uzun zoğlar çıxarmış, ya da böyüdüyü yerdə təzyiq göstərərək gün işığına çıxmağı bacarmışdır. Toxumdakı bu dayanıqlılıq və qeyri-adi qüvvə aləmləri yaradan, üstün güc sahibi Allahın əsəridir.
"Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz," (Vaqiə surəsi, 63-65)
Anemon bitkisi həyatı boyu kloun balıqlarını təhlükələrdən xilas edir. Bu ortaqlıq balığın düşmənlərindən qorunmasını təmin edir. Bunun əvəzində isə aktinilər balığın artıq qalan qidalarından faydalanır. Bu canlıları eyni mühitdə yaradan, hər ikisinin ehtiyaclarından xəbərdar olan Allahdır.
Aktinilər və ya dəniz anemonlarının bığcıqları üzərindəki kapsulalar çox güclü təsirə malik zəhər ifraz edir. Bu maye zəhərdən təsirlənən canlının iflic olub ölməsinə səbəb olur. Lakin aktinilərin təsir etmədiyi canlılar da var. Məsələn, kloun balıqları.
Kloun balıqları və ya anemon balıqları aktinilərin zəhərli bığcıqları arasında yaşaya bilən nadir canlılardandır. Zəhər bu canlılara təsir etmədiyi üçün kloun balıqları bütün həyatlarını bu bitkilərin arasında keçirir. Bəs bu necə baş verir?
Balığın bədəni xüsusi kimyəvi maddə ilə örtülmüşdür. Bu maddə sayəsində zəhər balığa təsir etmir. Bundan başqa, anemon bitkisi həyatı boyu kloun balıqlarını təhlükələrdən xilas edir. Bu ortaqlıq balığın düşmənlərindən qorunmasını təmin edir. Bunun əvəzində isə aktinilər balığın artıq qalan qidalarından faydalanır.
Aydındır ki, bu canlıları eyni mühitdə yaradan, hər ikisinin ehtiyaclarından xəbərdar olan tək bir Yaradıcı vardır. Bu canlılar Allah tərəfindən elə yaradılmışdır ki, onlar bir-birinin ehtiyacını ödəyir. Kloun balığını və bütün digər canlıları, bitkiləri yaradan sonsuz qüdrət və elm sahibi Allahdır. Tərifə, təqdirə və ucaldılmağa layiq olan bütün canlıları yaradan, onları lazım olan xüsusiyyət və mürəkkəb sistemlərlə təchiz edən, Əziz olan Allahdır.
Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. Mülk Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir. (Təğabün surəsi, 1)