HEYVANLARDAKI YARADILIŞ DƏLİLLƏRİ

CANLILARDAKI QEYRİ-ADİ BİRLİK DUYĞUSU

Ağıllı insan canlıların təhlükə zamanı təsadüfən birlik olduqlarını söyləyə bilməz. Bu canlıların hər birinə sahib olduqları qabiliyyətləri verən və necə davranacaqlarını ilham edən Allahdır.

Heyvanların birgə yaşamalarının ən böyük üstünlüklərindən biri də budur ki, təhlükələrə qarşı daha yaxşı müdafiə olunurlar. Çünki birgə yaşayan heyvanlardan hansısa biri təhlükəni sezdikdə səssizcə hadisə yerindən qaçmaq əvəzinə, var gücü ilə ətrafındakı digər heyvanları da xəbərdar edir. Hər canlı növünün özünəxas xəbərdarlıq üsulu var. Məsələn, dovşanlar və bəzi marallar təhlükəni sezdikdə ətrafındakı heyvanları xəbərdar etmək üçün quyruqlarını qısır, ceyranlar isə tullanaraq rəqs edirlər.

Bəzi kiçik quşlar düşmənlərini gördükdə dərhal həyəcan siqnalı verirlər. Sarıköynək quşu kimi bəzi növlər həyəcan siqnalı verərkən dar tezlikli və uca səs çıxarır. İnsan qulağı bunu incə fit səsi kimi qəbul edir. Bu səsin ən əhəmiyyətli xüsusiyyəti isə qaynağının, yönünün aydın olmamasıdır. Bu, sürüsünü xəbərdar edən quş üçün əhəmiyyətli üstünlükdür. Çünki quş bu yolla düşməni gördükdə qışqıraraq bütün diqqəti üzərinə çəkir. Amma səsin istiqaməti müəyyən olmadığı üçün təhlükə nisbətən azalır. Sürü halında yaşayan böcəklərdə də təhlükəni ilk sezən böcək bütün sürünü xəbərdar edir. Ancaq təhlükəni xəbər verən böcəyin yaydığı həyəcan qoxusu düşmənin də diqqətini çəkir. Başqa sözlə, sürünü təhlükəyə qarşı xəbərdar edən böcək özünü ölümə atır.

Çöl itləri böyük sürü halında yaşayırlar. Sanki bir şəhər halına çevrilmiş olan yuvaları təxminən 30 heyvanın yaşadığı hissələrə ayrılmışdır. Bu şəhərdəki heyvanların hamısı bir-birini tanıyır. Hər zaman tunel xaricində və girişlərdə olan təpəciklərin üzərində hər istiqaməti görə biləcək şəkildə arxa ayaqları üzərində dayanmış keşik tutan heyvanlar olur. Növbətçilərdən biri düşmən görsə, fit şəklində dayanmadan hürür. Bu xəbərdarlıq digər növbətçilər tərəfindən təkrarlanır və xəbərdarlıq bütün şəhər tərəfindən eşidilərək həyəcan vəziyyətinə keçilməsini təmin edir.

Burada əvvəlcə bir şeyə diqqət etmək lazımdır. Canlıların bir-birlərini fədakarcasına xəbərdar etməsi əlbəttə düşündürücüdür. Ancaq daha da vacibi bu heyvanların hər birinin bir-birlərini anlamasıdır. Yuxarıda danışdığımız canlılardan biri, məsələn, dovşan quyruğunu havaya qaldırdığı zaman ətrafındakı digər canlılar onun təhlükə siqnalı verdiyini dərhal anlayır və buna görə tədbir alırlar. 

Burada göz ardı edilə bilməyəcək dərəcədə şüurlu davranışlardan bəhs edilir. Bunun tək izahı canlılara bu ağıllı davranışları öyrədənin və tətbiq etdirənin hər şeyin yaradıcısı olan, yaratdıqlarını qoruyan, sonsuz şəfqət və mərhəmət sahibi olan Allah olmasıdır.

Canlılar təhlükələrə qarşı birlikdə mübarizə aparırlar

Sürü halında yaşayan bir çox heyvan növü təhlükə zamanı bir-birlərini xəbərdar etməklə yanaşı, təhlükəyə qarşı da birlikdə mübarizə aparırlar. Məsələn, kiçik quşlar şahin və ya bayquş kimi yırtıcı quşlar onların bölgələrinə girdikdə kütləvi şəkildə bu heyvanları mühasirəyə alırlar. Bu vaxt ətrafdakı digər quşları da bölgəyə cəlb etmək üçün xüsusi səs çıxarırlar. Kiçik quşların apardıqları kütləvi mübarizə yırtıcı quşları tamamilə bölgədən uzaqlaşdırır.

Birlikdə uçan quş sürüsü də bütün üzvləri üçün təhlükəsizlik təmin edir. Məsələn, sürü halında uçan sığırçınlar aralarında geniş məsafə buraxaraq uçurlar. Ancaq bir şahin gördükdə aralarındakı boşluqları bağlayırlar. Beləliklə, şahinin sürüyə hücum etməsini çətinləşdirirlər. Şahin cəhd etsə belə, uğur qazanmır, qanadlarını şikəst edir və ovlaya bilmir. Bundan başqa, bir zebra sürüsü hücuma məruz qaldıqda sürünün lideri olan zebra geridə qalır və dişilər ilə dayçalar qabaqda qaçırlar. Erkək zebra arxada ziqzaqlar çəkərək qaçır, hətta bəzən geri qayıdıb təcavüzkar heyvanları qovur.

Müşk öküzləri da bir düşmənlə qarşılaşdıqda qaçmaq əvəzinə, özlərinə təhlükəsizlik çevrəsi yaradırlar. Bütün qrup üzvləri düşmənə arxa çevirmədən geriyə gedərək dairə yaradırlar. Balalar bu dairənin mərkəzində qalırlar və analarının uzun tüklərinin altında gizlənirlər. Yetkinlər balalarını əhatəyə alaraq onların təhlükəsizliyini təmin edirlər. Düşmənlərinin üzərinə atılan bir müşk öküzü hücumdan sonra balaları qoruyan dairənin dağılmaması üçün yerinə geri qayıdır.

Əlbəttə, canlıların öz iradələri ilə bu birliyi qurduqlarını söyləmək ağıl sahibi bir insan üçün mümkün deyil. Bu həqiqətlər qarşısında qəbul edəcəyimiz nəticə budur: təbiətdəki hər şey sonsuz elm və qüdrət sahibi bir Yaradıcının əsəridir. O Yaradıcı bütün canlıları, insanları, heyvanları, böcəkləri, bitkiləri, canlı-cansız bütün varlıqları yaradan Allahdır. O, üstün qüdrət, şəfqət, mərhəmət, ağıl, elm və hikmət sahibidir. İnsan Allahın ayələri haqqında haqqı ilə düşünməlidir. Ayələrdə belə buyurulur: "Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir." (Casiyə surəsi, 36-37) 

CANLILARDA MÜKƏMMƏL MÜDAFİƏ TAKTİKASI: KAMUFLYAJ

Hər canlı özünü müdafiə etmək üçün xüsusi qabiliyyətlərlə yaradılmışdır. Bəziləri çox sürətli və çevikdir, düşmənlərindən qaçaraq xilas olur. Bəziləri yerindən tərpənə bilmir, amma möhkəm zirehlərlə örtülüdür. Bəziləri özünü ilana bənzədən tırtıl kimi fövqəladə "qorxutma" bacarıqlarına sahibdir. Bəziləri zəhərli, yandırıcı, ya da pis qoxulu qazlar püskürür. Bir qismi də ölü təqlidi etmək qabiliyyətinə malikdir. Allah bəzi canlıları yaşadıqları mühitdə gizlənə biləcəkləri formaya və naxışlara sahib olaraq yaratmışdır. Bir yarpağa, yaxud bir ağacın naxışlarına bənzər bədənlərə sahib olan canlılar bu sayədə düşmənlərindən gizlənməyi bacarırlar. Allahın bu heyvanlara verdiyi "kamuflyaj" qabiliyyəti o qədər mükəmməldir ki, mövzu ilə əlaqədar bir çox şəkilin bir bitkiyə, yoxsa bir heyvana aid olduğunu anlamaq və ya o mühitin içində canlını seçmək, demək olar ki, qeyri-mümkündür. Növbəti sətirlərdə veriləcək nümunələrdə də açıq-aşkar görünəcəyi kimi, kamuflaj xüsusi planlanıb "yaradılmış" müdafiə mexanizmidir.

Kamuflyaj Allahın yaratdığı kainatda heç bir "ziddiyyət və uyğunsuzluq" olmadığını və Onun güc, ağıl və elminin sonsuz olduğunu göstərən nümunələrdən yalnız biridir. "Mülk" surəsində Allah kainatdakı qüsursuz tarazlığı belə ifadə etmişdir: "... Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çat, nöqsan) görə bilərsənmi?! Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir." (Mülk surəsi, 3-4)


Şəkillərdəki ilanları yarpaqdan seçə bilirsinizmi?
Qurumuş yarpaqdır, yoxsa kəpənək? 
İlk baxışda qurumuş bir yarpaq zənn edilən bu şəkil, əslində, bir kəpənəyə aiddir. Damarlardan çürümüş bölgələrə və rənglərə qədər hər cür incəliyi əks elətdirən bu yarpağa bənzəyən qanadlar kəpənəklər üçün müdafiə funksiyası daşıyır. (www.canlilardakamuflyaj.com)

Kəpənəyin yarpağa belə qeyri-adi şəkildə bənzəməsinə "təsadüf" deyib keçmək, əlbəttə, mümkün deyil. Kəpənəyin özünü qəsdən yarpağa bənzətdiyini söyləmək məntiqsiz iddiadır.

Mövsümə və yerə görə dəyişən tük rəngi

Mühitə görə rəng dəyişdirmə prosesi heyvanların bədənlərindəki olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilən bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.

Tük dəyişmə prosesinin heyvanlar üçün əhəmiyyəti onların qorunmasıdır. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflaj yönündə böyük üstünlük təmin edir.

Bunun əksi də ola bilərdi: heyvan qışda torpaq rəngi və ya yazda ağ qala bilər, yaxud da heç rəng dəyişdirməyə bilərdi. Qısacası, rənglərin mövsümlərə görə dəyişməsində ağıl və plan var. Bədənimizin günəşdə yanmasına mane ola bilmədiyimiz (xüsusi qorunma üsulları xaric) kimi, heyvanlar da bədənlərindəki dəyişikliyi idarə etmək qabiliyyətinə sahib deyillər. Bunu heyvanın özünün hesablayıb idarə etməsi mümkün deyil. Şübhəsiz ki, Allah bu canlıları belə müdafiə mexanizmi ilə birlikdə yaratmışdır. (www.dusuneninsan.biz)


Yarpaqlar arasında gizlənən çəyirtkələr

Yarpaqla qidalanan çəyirtkələrin ömrü təbii olaraq yarpaqların arasında keçir. Rəngləri yarpağın rənginə bənzədiyindən, ən böyük düşmənləri olan kərtənkələ və quşların çəyirtkələri ayırd etmələri mümkün olmur. Beləcə çəyirtkələr təhlükəsizlik içində həyatlarını davam etdirir və qidalanırlar.

Əlbəttə ki, çəyirtkələrin yarpaqların yanında dayana-dayana yarpağa bənzədiyini heç kim iddia edə bilməz. Aydındır ki, yarpaq yeyən çəyirtkələr həyatlarını davam etdirmək üçün belə kamuflaj xüsusiyyəti ilə birlikdə yaradılmışlar. Bu hər şeyi ən gözəl və qüsursuz yaradan Rəbbimizin sənətidir.

Uçan sincablar

Sincablar daha çox Avropa qitəsindəki meşələrdə yaşayırlar. Boyları 25 sm, yəni iki qarışdır. Bədənlərinin arxasında, demək olar ki, boyları uzunluğunda və yuxarı doğru uzanan, eləcə də geniş və sıx tüklərdən ibarət quyruqları var. Sincab bu uzun quyruğu sayəsində tarazlığı pozulmadan ağacdan ağaca tullanır. Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab bir budağın üstündə qaça, başıaşağı yellənə və o şəkildə irəliləyə bilir. Xüsusilə boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı başqa bir ağacın budağına belə rahatlıqla tullana bilirlər. Havada uçarkən də qollarını və qıçlarını açaraq sanki bir planer kimi hərəkət edirlər. Bu əsnada yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edir, həm də istiqamətlərini nizamlayan sükan funksiyası yerinə yetirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa buraxıb dörd ayaq üzərində yerə yumşaq şəkildə enə bilirlər.

Bəs sincab bu çətin hərəkətləri necə bacarır?

Bütün bunlar sincabın arxa ayaqları, məsafələri çox yaxşı nizamlaya bilən iti gözləri, güclü pəncələri və müvazinətini təmin edən quyruğu sayəsində mümkün olur. Heç düşündünüzmü, sincaba bu xüsusiyyətləri verən kimdir? Sincab yaşamaq üçün bunlara sahib olmalı olduğunu haradan bilir? Əllərinə cədvəl alıb meşədəki hər ağacın və ya budaqların hündürlüyünü ölçmələri mümkün olmadığına görə, sincablar ağacdan ağaca tullanarkən məsafələri necə nizamlayırlar? Bəs sincablar özlərini şikəst etmədən, ya da yaralanmadan necə bu qədər cəld hərəkətlərlə tullana bilirlər?

Əlbəttə, bunları edənlər sincabların özləri deyil. Heç şübhəsiz, bu sevimli heyvanları sahib olduqları bütün xüsusiyyətlərlə birlikdə yaradan və onlara bunları öyrədən yaradıcımız olan Allahdır. "... törədib-yaydığı canlılarda düşünən insanlar üçün ayələr var." (Casiyə surəsi, 4)

HEYVANLARIN YUVALARI

Heyvanların, xüsusilə də balaların qorunmasında "yuvalar"ın çox əhəmiyyətli funksiyası var. Bu səbəbdən bir çox canlı növü heyrətamiz texnikalardan istifadə edərək çox sayda arxitekturalı yuvalar tikirlər. Yuvaların inşa edilməsində çox fərqli texnikalar istifadə edilir. Canlılar sanki memar kimi plan qurur, mühəndis kimi texniki həllər gətirir, bəzən də dekorator kimi yuvalarını bəzəyirlər. Onlar bəzən yuvalarını hazırlamaq üçün gecə-gündüz dayanmadan çalışırlar. Əgər yoldaşları varsa, əmək bölgüsü edərək bir-birlərinə kömək edirlər. Ən çox diqqət göstərilən yuvalar isə yeni dünyaya gələn balalar üçün hazırlanan yuvalardır.

Yuvaların hazırlanma texnikaları şüuru və zəkası olmayan bir canlıdan gözlənilməyəcək qədər mükəmməldir. Bu yuvaların heyvanların öz zəkaları ilə hazırlana bilməyəcəkləri çox açıqdır. Çünki heyvanlar bu yuvaları qurmamışdan əvvəl bir çox mərhələni planlamalıdırlar. Əvvəlcə yumurtalarının və ya balalarının təhlükəsizliyi üçün bir yuvaya ehtiyacları olduğunu təyin etməlidirlər. Daha sonra isə yuva üçün ən uyğun yeri müəyyən etməlidirlər, heç bir canlı yuvasını təsadüfi bir yerdə qurmur.

Yuvanın quruluşu və istifadə edilən materiallar da mühitə görə "xüsusi olaraq" seçilir. Məsələn, dəniz quşları su kənarlarında yaşadıqları üçün ani su basqınlarına qarşı suya dözümlü və suda üzə bilən otlardan ibarət xüsusi yuvalar qururlar. Qamışlıqların olduğu sahələrdə yaşayan quşlar isə küləkdə yelləndikdə yuvadakı yumurtaların düşməməsi üçün geniş və dərin yuvalar hazırlayırlar. Bununla yanaşı, çöl quşları yuvalarını istiliyin ətrafa görə ən az 10°C daha aşağı olduğu kolluqların təpəsinə qururlar. Çünki əks halda yer səviyyəsində 45°C olan istilik balalara sanki soba kimi təsiri edəcək və qısa müddətdə ölmələrinə səbəb olacaq.

Balalar üçün xüsusi yuvalar

Canlılar üçün balalarının həyatı çox əhəmiyyətlidir. Yumurtladıqdan və ya bala çıxardıqdan sonra tək məşğuliyyətləri balalarıdır. Balaların qorunmasına çox böyük diqqət göstərirlər. Bəzi quşlar balalarını qorumaq üçün bir yuva qurmaqla kifayətlənmir, ətrafa çox sayda "saxta yuva" qoyurlar. Bunun səbəbi balaların böyüdüyü əsil yuvanı saxta yuvalar arasında gizləmək və düşmənin diqqətini fərqli yuvalara çəkməkdir. Bu, əlbəttə ki, quşların öz zəkasından qaynaqlanmayan, çox incə planlanmış yanıltma taktikasıdır.

HÖRÜMÇƏKDƏKİ DƏLİLLƏR

Yer üzündə yüzlərlə növ hörümçək yaşayır. Bu kiçik canlılar bəzən yuvasının statik hesablamalarını aparan bilən inşaat mühəndisi, bəzən üstün dizaynlar edən bir memar, bəzən qeyri-adi güclü və elastik iplər, öldürücü zəhərlər, əridici turşular istehsal edən bir kimyagər, bəzən də çox hiyləgər taktikalarla ov edən ovçu kimi qarşımıza çıxırlar. Təbiətdəki bütün canlılar kimi hörümçəklərin davranışlarını, məsələn, ovlama üsullarını, müdafiəetmə taktikalarını araşdırıb, bu mövzuda təfərrüatlı məlumatlar əldə etdikcə heyrətamiz nümunələrlə qarşılaşırıq.

Bütün canlılar həyatlarını davam etdirmək üçün ağıllı davranışlar nümayiş etdirirlər. Qabiliyyət, bacarıq tələb edən bu davranışların ortaq xüsusiyyəti budur: hər biri mütləq surətdə üstün ağıl tələb edir. Bir insanın ancaq öyrənmə, bacarıq və təcrübə kimi xüsusiyyətlərlə qazanacağı qabiliyyətlər bu canlılarda ilk doğulduqları andan etibarən var. Bu xüsusiyyətlərin hamısını onlara verən, onları ağıllı davranacaqları, şüurlu hərəkət edəcəkləri şəkildə yaradan güc Allahdır. Allah bütün təbiətdəki canlılarda saysız-hesabsız nümunəsini gördüyümüz ağılın tək sahibidir. Canlılara nələr etməli olduğunu ilham edən Allahdır.

Hörümçəklərin ovlama üsulları

Bir çox insan hörümçəkləri yalnız ovlamaq üçün tor quran həşərat kimi tanıyırlar. Bu, əskik məlumatdır, çünki memarlıq və mühəndislik möcüzəsi olan bu tor hörümçəklərin ovlamaq üçün istifadə etdikləri tək üsul deyil. Hörümçəklər tor hörməklə yanaşı, ovlamaq üçün çox fərqli taktikalar da istifadə edirlər. Kəmənd ataraq ovlayan hörümçək

Hörümçək növləri içində ən maraqlı ovlama üsullarından birinə "Bolas" hörümçəklərində rast gəlinir. Bolas hörümçəkləri ovunu kəməndlə tutur. Bolas hörümçəyinin ovlaması iki mərhələli olaraq reallaşır. İlk mərhələdə hörümçək ucunda yapışqan olan bir ip hazırlayıb pusquya durur. Bu yapışqan ip daha sonra kəmənd kimi istifadə edilir. Bu vaxt hörümçək ovunu özünə çəkmək üçün çox xüsusi kimyəvi maddə də yayır. Bu dişi güvələrin erkəklərini cütləşməyə çağırmaq üçün ifraz etdikləri "feromon" adlı maddədir. Saxta çağırışa aldanan erkək güvə qoxunun gəldiyi qaynağa doğru yönəlir. Hörümçəklərin görmə hissiyyatı çox zəifdir, ancaq güvənin uçarkən çıxardığı titrəşmələri qəbul edə bilirlər. Bu sayədə hörümçək ovunun özünə doğru yaxınlaşdığını hiss edir. Maraqlıdır ki, Bolas hörümçəyi, demək olar ki, kor olduğu halda, havada asılı dayanaraq istehsal etdiyi kəmənd vasitəsilə uçan bir canlını tuta bilir.

Bolas hörümçəkləri insan gözünün sezmədiyi qədər sürətlə kəmənd atdıqlarına görə bu şəkili ancaq xüsusi texnika ilə çəkmək mümkün olmuşdur Qoxuya aldanan qurbanın yaxınlaşması ilə birlikdə ovdakı ikinci mərhələ başlayır. Hörümçək ayağını geriyə çəkərək hücum mövqeyinə keçir və birdən ani sürətlə kəməndini yelləyir. Güvə ipin ucundakı yapışqan topa toxunur. Hörümçək ovunu yuxarı çəkir və dərhal ovunu iflic edərək dişləyir. Ardınca xüsusi bir ipəklə güvəni əhatəyə alır. Bu ipəyin xüsusiyyəti qidanı uzun müddət təzə tuta bilməsidir. Bu yolla hörümçək ovunu sonra yemək üçün təzə saxlayır. Bolas hörümçəyi necə olur ki bu qədər ağıllı və şüurlu plan çərçivəsində hərəkət edir?

Həmin vəziyyət xüsusi bir yaradılışın olduğunu bizə sübut edir. Allah bütün canlıları, bitkiləri, heyvanları, böcəkləri yaradandır. Allah üstün qüdrət, elm, ağıl və hikmət sahibidir. Allah Quranda belə buyurur: "Həqiqətən də, heyvanlarda da sizin üçün ibrət vardır" (Muminun surəsi, 21)

FƏDAKARLIQ

Heyvanlar aləminin maraqlı xüsusiyyətlərindən biri heyvanlardakı şüurlu və fədakar davranışlardır. Quşlar, zebralar, ceyranlar, dovşanlar, qısacası, bütün heyvanlar balalarını özlərini təhlükəyə atma bahasına qoruyurlar. Çünki Allah onları belə yaratmışdır, bütün canlılar Allahın vəhyi ilə hərəkət edirlər.

Heyvanların balaları çox vaxt qayğıya və qorunmağa möhtac olaraq doğulurlar. Ümumiyyətlə, kor və ya tüksüz olan, hələ ovlama qabiliyyəti olmayan balalar əgər valideynləri və ya sürülərindəki digər yetkinlər tərəfindən qorunmurlarsa, qısa müddətdə aclıqdan və ya soyuqdan ölərlər. Ancaq belə hal olmur. Çünki heyvanlar aləmindəki yetkinlər balalarını hər cür təhlükəni nəzərə alaraq qoruyurlar. Lazım olsa, öz canlarını da təhlükəyə ataraq və ya çox çətin şəraitlərdə yaşayaraq böyük fədakarlıqlar edirlər.

Balaların təhlükələrdən qorunmaları

Canlılar balalarını qoruyanda çox təhlükəli və yırtıcı ola bilirlər. Adətən, hücum və ya təhlükə sezdikdə balalarını alıb o bölgədən sürətlə uzaqlaşırlar. Qaçmaq üçün fürsətləri olmadıqda isə tərəddüd etmədən özlərini təcavüzkarın önünə atırlar. Məsələn, yarasalar və quşlar balalarını yuvalarından alan tədqiqatçılara hücum etmələri ilə məşhurdurlar.

Zebralar kimi iri məməli heyvanlar isə sürülərinə kaftar kimi düşmənləri hücum etdikdə dərhal qruplara ayrılaraq dayçaları ortalarına alırlar və sürətlə qaçmağa başlayırlar. Tutulduqları təqdirdə, sürünün yetkinləri bu yırtıcı heyvanlara qarşı dayçalarını cəsurcasına qoruyurlar. Zürafələr isə hücuma məruz qaldıqda balalarını bədənlərinin altına itələyirlər və ön ayaqları ilə düşmənlərinə sərt hərəkətlərlə vururlar. Marallar və antiloplar ürkək və həyəcanlı heyvanlardır. Balaları olmadığı zamanlarda sürətlə qaçmağa üstünlük verirlər. Ancaq balalarını qorxudan tülkü və canavarlara qarşı iti dırnaqlarını istifadə etməkdə tərəddüd etmirlər.

Daha kiçik və zəif məməlilər isə, ümumiyyətlə, balalarını qorumaq üçün onları gizləyir və ya etibarlı yerlərə daşıyırlar. Ancaq buna fürsətləri qalmadıqda düşmənlərini balalarından uzaqlaşdırmaq üçün təcavüzkarlaşa bilirlər. Məsələn, çox ürkək heyvan olan dovşan balalarına hücum edən bir düşməni uzaqlaşdırmaq üçün özünü böyük təhlükə altına atır. Balalarına hər hansı hücum olduqda dərhal yuvasına qaçır və güclü arxa ayaqları ilə düşməninə bir neçə sərt təpik vurur. Bu cəsarəti çox vaxt yırtıcı heyvanı belə geri qaçırmaq üçün kifayətdir.

Həyatlarını təhlükəyə atan heyvanlar


Ceyranlar isə yırtıcı heyvanlar balalarını qovmağa başladıqda dərhal balalarının arxasına keçirlər. Çünki yırtıcı heyvanlar ovlarını, adətən, arxadan yaxalayırlar. Ana ceyran mümkün olduğu qədər balasına yaxın hərəkət edir. Əgər yırtıcı heyvanlar yaxınlaşsalar, ana onları uzaqlaşdırır. Balası izlənilən bir ceyran dırnaqları ilə çaqqalları cırmaqlaya bilir. Təcavüzkarları balalarından uzaqlaşdırmaq üçün qəsdən onların qarşısında qaçır. 

Quş sürülərində də yetkinlər balalarını qoruma vəzifəsini böyük fədakarlıqla yerinə yetirirlər. Xüsusilə qağayılar bu quş sürüləri üçün təhlükə meydana gətirirlər. Yetkin bir və ya iki quş güc nümayişi edərək qağayıları qaçıra bilirlər. Ümumiyyətlə, yetkin quşlar bala quşları növbə ilə qoruyurlar və vəzifələrini yerinə yetirdikdən sonra daha uzaq sularda qidalanmaq üçün o bölgədən ayrılırlar. Marallar əgər balalarına hücum edən düşmənlərinin öhdəsindən gələ bilməyəcəklərini hiss edirlərsə, özlərini heç çəkinmədən düşmənlərinin önünə atır və ov olaraq düşmənin özlərini qovmasını təmin edirlər. Beləliklə, düşməni balalarından uzaqlaşdırırlar. Bir çox heyvan eyni taktikanı istifadə edir. Məsələn, dişi pələng özlərinə doğru ovçu heyvanın yaxınlaşdığını gördükdə balalarının yanından ayrılır və dərhal düşməninin diqqətini öz üzərinə çəkir. Yenotlar isə düşmənlərinin gəldiyini gördükdə balalarını ən yaxındakı ağacın üzərinə daşıyırlar və daha sonra sürətlə ağacın üzərindən aşağı enərək düşmənlərinin üzərinə hücum edirlər. Onları uzun müddət arxalarından sürüyür və balalarından kifayət qədər uzaqlaşdırdıqlarına əmin olduqda düşmənlərini sovuşduraraq dərhal səssizcə balalarının yanına qayıdırlar. Əlbəttə ki, bu davranışları hər zaman yüzdə yüz müvəffəqiyyətlə nəticələnməyə bilər. Balalar xilas olsa belə, valideynlər balaları uğrunda ölümə gedirlər.

Yaralı təqlidi edən quşlar


Bəzi quşlar isə "yaralı təqlidi" edirlər, beləliklə, düşmənlərinin diqqətini balalarının üzərindən yayındıraraq öz üzərlərinə çəkirlər. Bir düşmənin yaxınlaşdığını görən dişi quş səssizcə yuvasından uzaqlaşır. Düşməninin önünə gəldikdə yerdə çırpınmağa və bir qanadını yerə vurmağa başlayır. Quş yerdə elə görünür ki, sanki çarəsizcəsinə çırpınır. Ancaq hər zaman tədbirli davranır və düşmənin çata biləcəyi məsafənin önündə dayanır. "Yaralı" quşu asan ov kimi görən yırtıcı heyvan ovunu yaxalamağa çalışarkən yuvadan xeyli uzaqlaşdırılır. Ovçu yuvasından kifayət qədər uzaqlaşdıqda dişi quş bir anda təqlid etməyi buraxır və təcavüzkar heyvan quşa çatarkən birdən qanadlanaraq uçur. Bu "teatr səhnəsi", adətən, çox inandırıcıdır. İtlər, pişiklər, ilanlar və hətta digər quşlar belə bu oyuna aldanırlar. Quşların "yaralı quş" ssenarisinə bu gün də alimlər heç bir açıqlama gətirə bilmirlər.

Quş belə bir ssenarini öz-özünə hazırlaya bilərmi? Bunun üçün quşun çox şüurlu varlıq olması lazımdır. Bu davranış hər şeydən əvvəl təqlid, zəka və qabiliyyət tələb edir. Həmçinin özünü tərəddüdsüz düşməninin önünə atan canlı çox cəsarətli olmalıdır. Maraqlıdır ki, quşlar bu davranışı başqalarından görərək təqlid etmirlər. Bu müdafiəetmə taktikasına və qabiliyyətinə doğuşdan sahibdirlər.

Onların belə şüurlu, şəfqətli, mərhəmətli hərəkət etməsini təmin edən, bu xüsusiyyətləri ilə yaradan göylərin və yerin Rəbbi olan Allahdır. Allah bu canlılara ilhamı ilə sonsuz şəfqət və mərhəmətinin nümunələrini göstərir. Allah Quranda qullarına Özünü belə tanıdır:

"O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Həşr surəsi, 24)

DELFİNLƏR

Birliyə əsaslanan ictimai həyat

Delfinlər çox böyük qruplar halında yaşayırlar. Etibarlı qoruma üçün dişilər və balalar qrupun düz ortasında hərəkət edirlər. Qrupun xəstə üzvü tək buraxılmır, ölənə qədər qrupun içində olur. Bu güclü birlik bağı yeni bir bala qrupa qatıldığı ilk gündən etibarən başlayır. Delfin balaları doğulanda əvvəl quyruqları çölə çıxır. Bu sayədə doğum tamamlanana qədər balanın havasızlıqdan ölməsinin qarşısı alınır. Delfin başı doğum kanalından çıxan kimi ilk nəfəsini alması üçün sürətlə su səthinə çıxarılır. Kömək məqsədi ilə, adətən, ana delfinə başqa dişi delfin də yoldaşlıq edir. Dişi delfin doğumdan sonra balasını əmizdirir. Süd əmmək üçün dodağı olmayan bala kiçik ağız zərbələri ilə anasının qarnındakı yarığa toxunaraq xaricə fışqıran südlə bəslənir. Bala hər gün onlarla litr süd içir. Bu südün 50%-i yağdan ibarətdir (inəklərdə isə südün 15%-i yağdır). Bu sayədə balanın bədən istiliyini tənzimləmək üçün lazım olan yağ təbəqəsi sürətlə formalaşır.

HÖRÜMÇƏK

İpliyin gizli kimyəvi quruluşu

Düşünək… Kiçik bir canlının istehsal etdiyi iplik necə olur insanın əsrlərlə təcrübə ilə istehsal etdiyi kauçuk, ya da polad kəndirlərdən daha üstün xüsusiyyətlərə malikdir? Hörümçək ipliyini bu qədər üstün edən cəhət ipliyin kimyəvi quruluşunda və istehsalında gizlidir. Hörümçək ipliklərinin xammaddəsi hörgülü helezonik amin turşusu zəncirlərindən ibarət olan "keratin" adlı zülaldır. Keratin saç, dırnaq, tük, dəri kimi bir-birindən çox fərqli maddələrin xammalıdır və keratin bu maddələrdə qoruyucu xüsusiyyəti ilə ön plana çıxır. Həmçinin keratinin elastik hidrogen bağlarla bağlanmış amin turşularından ibarət olması da bu maddələrə çox böyük elastiklik qazandırır. Bu elastiklik Amerikanın məşhur elm jurnallarından "Science News"da belə bir bənzətmə ilə təsvir edilir: "Hörümçək ipindən meydana gəlmiş, insan ölçülərində balıq toruna bənzər bir şəbəkə təyyarəni yaxalaya bilər." 

Hörümçəklərin quyruqlarında altı hissədən ibarət olan və ipək kisəsi deyilən bir bölgə var. Kisələrin hər birində fərqli sekresiyalar istehsal olunur. Bu kisələrin sekresiyaları fərqli kombinasiyalarda birləşərək fərqli növdəki ipək ipliklərini meydana gətirirlər. Kisələr arasında isə mükəmməl uyğunluq var. İpək istehsalı əsnasında hörümçəyin bədənində olan və çox inkişaf etmiş xüsusiyyətlərə sahib nasoslar və təzyiq sistemləri istifadə edilir. İstehsal olunan xam ipək kran kimi işləyən hissələrdən lif şəklində çölə axıdılır. 

Hörümçəklərin istehsal etdikləri ipək qeyri-adi xüsusiyyətə sahibdir. Gərilmə elastiklikləri çoxdur. Bu səbəbdən hörümçək ipliyini qırmaq üçün lazım olan enerji digər bütün bioloji materiallardan on qat daha çoxdur.

MƏDƏDƏ BÖYÜYƏN QURBAĞALAR

Avstraliyada yaşayan rheobatrachus silus növünə aid olan qurbağaların çoxalma üsulu Allahın canlıları üstün dizaynlarla yaratdığının başqa bir nümunəsidir. Dişi rheobatrachuslar dölləndikdən sonra öz yumurtalarını udurlar. Onlar yumurtalarla qidalanmaq üçün deyil, onları qorumaq üçün udurlar. Yumurtalardan çıxan çömçəquyruqlar mədədə qaldıqları 6 həftə boyunca daim inkişaf edirlər. Bəs necə olur ki çömçəquyruqlar uzun müddət həzm edilmədən mədədə qala bilirlər? 

Allah bunun üçün qüsursuz sistem yaratmışdır. Ana qurbağalar bu 6 həftəlik çoxalma mövsümündə yeməyi və içməyi dayandırırlar. Beləliklə, mədələri yalnız balaları üçün ayrılır. Ancaq başqa təhlükə mədənin daimi ifraz etdiyi xlorid turşu və mədə şirəsidir. Bu sekresiyalar balaları çox qısa müddətdə parçalayıb öldürə bilər. Ancaq buna qarşı xüsusi tədbir görülür. Ana qarnındakı mayelər yumurta kapsulalarından, daha sonra da çömçəquyruqlardan ifraz olunan "prostaqlandin E2" adlı sekresiya ilə zərərsizləşdirilir. Beləliklə, balalar turşu hovuzu içində üzmələrinə baxmayaraq, təhlükəsiz şəraitdə böyüyürlər.

Bəs çömçəquyruqlar analarının mədəsində nə ilə qidalanırlar? Bu problemin də həlli var. Bu növə aid yumurtalar digər qurbağa növlərinin yumurtalarına nisbətən böyükdür. Bunun səbəbi isə yumurtaların içinə balanı qidalandırmaq üçün zülal cəhətdən çox zəngin yumurta sarısı təbəqəsinin olmasıdır. Bu yumurta sarısı balaları 6 həftə boyu qidalandırmaq üçün kifayətdir. Doğum anı da qüsursuzca hazırlanmışdır. Balalar mədədən çıxıb xarici dünyaya addım atarkən ananın yemək borusu eynilə doğum zamanı kimi genişlənir. Balalar çölə çıxdıqdan sonra isə ana yemək yeməyə başlayır və mədə əvvəlki halına qayıdır.

METAMORFOZDAKI DƏLİLLƏR


Bəzi canlılar həyatlarının fərqli dövrlərində müəyyən fiziki dəyişikliklər keçirirlər ki, yaşadıqları mühitin şərtlərinə uyğunlaşsınlar. Bu fərqliləşmə müddətinə biologiyada metamorfoz (dəyişmə) adı verilir. Bu müddət biologiya və təkamülün iddiaları mövzusunda məlumatsız insanlar tərəfindən bəzən təkamül nəzəriyyəsinə dəlil kimi göstərilməyə çalışılır. Təkamülün təməl qanunları və ziddiyyətləri mövzusunda geniş məlumat sahibi olan alimlər isə bu cür yersiz iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər yanlış və gülünc olduğunu bilirlər ... 

Kəpənək, ağcaqanad, arı kimi canlılar metamorfoz keçirən canlılardan bəziləridir. Həyatı suda başlayan, daha sonra quruda davam edən qurbağalar da metamorfoza nümunədir. Bu fərqliləşmənin təkamüllə heç bir əlaqəsi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlılardakı fərqliləşmələri təsadüflərlə reallaşan mutasiyalarla izah etməyə çalışır.

Halbuki metamorfoz təkamülün bu təməl iddiası ilə – təsadüflə, mutasiya ilə heç bir əlaqəsi və oxşarlığı olmayan, həmçinin əvvəldən planlanmış mərhələdir. Metamorfozu reallaşdıran faktor təsadüf deyil, o canlıda hələ doğulduğu andan etibarən mövcud olan genetik məlumatdır. Məsələn, qurbağa suda həyatını hələ davam etdirərkən qurudakı həyatı ilə bağlı məlumat onun genetik sistemində mövcuddur. Ağcaqanadın da pup və yetkin hallarındakı quruluşu, eləcə də funksiyaları haqqında məlumat hələ sürfə mərhələsində olarkən genetik şifrəsində var. Bu vəziyyət metamorfoz keçirən bütün canlılara aid edilir.

Son illərdə metamorfoz haqqında aparılan elmi tədqiqatlar metamorfozun fərqli genlər tərəfindən nəzarət edilən kompleks mərhələ olduğunu müəyyən etmişdir. Məsələn, qurbağanın metamorfoz keçirməsində yalnız quyruqla bağlı əməliyyatlar "bir çox gen" tərəfindən nəzarət edilir. Bu o deməkdir ki, bu mərhələ bir çox hissənin bir-biri ilə uyğunlaşması sayəsində reallaşa bilir. Beləliklə, metamorfoz yaradılışın dəlili olan "sadələşdirilməz komplekslik" xüsusiyyəti daşıyan bioloji mərhələdir.

Böcəklərdəki kimyəvi ünsiyyət: feromenlər

Qarışqalar yuvalarını, bal arıları da şanlarını çox uzaqlara getsələr belə, səhv etmədən tapırlar. Bəzi böcək sürfələri də təhlükə zamanı dərhal bir yerə toplanaraq qorunurlar.

Bütün böcək növlərində cütləşmək istəyən erkək və dişilər uzaq məsafələrdə də olsalar, bir-birilərini asanlıqla tapırlar. Bu davranışlardakı ortaq cəhət isə hamısının xəbərləşmə sisteminə sahib olmasıdır.

Böcəklərin xəbərləşmək üçün istifadə etdikləri işarənin adı feromendir. Feromenin mənası "hormon daşıyıcısı"dır. Bu, eyni növün üzvləri arasında istifadə edilən kimyəvi maddədir. Onlar, adətən, xüsusi vəzilərdə istehsal edilərək ətrafa yayılırlar. Həmin maddə böcəklərin bir-biriləri ilə ünsiyyətini təmin edir və davranışlarında dəyişikliklərə səbəb olur.

Feromenlər əvvəllər hormonlarla, demək olar ki, eyni hesab olunurdu. Feromenlərin bədəndən ifraz olunmaları onları hormonlardan ayıran xüsusiyyətlərdəndir. Çox fərqli funksiyaları yerinə yetirən feromenlər olduğu kimi, müxtəlif qarışıqlarda olanları da var. Yayılma qabiliyyətləri olduqca yüksək olan feromenlər 7-8 km uzaqlıqdan da təsir edə bilirlər. Uzaqlıq, istilik, külək və nəm kimi faktorlar da feromenlərin təsirini azaldıb çoxalda bilir.

Feromenlər iz buraxma, işarələmə, xəbərdar etmə, toplanmada və birlikdə yaşayan böcəklərdə kraliça yetişdirilməsində istifadə edilirlər. Qoxu yolu ilə təsirli olan cinsiyyət feromenləri də mövcuddur. Feromendən istifadə edərək xəbərləşən canlılarla bağlı düşündürücü bir məqam da var: hər növün istifadə etdiyi düstur özünəməxsusdur. Həmçinin bu düsturların maddələri də fərqlidir. Həm bu maddəni ifraz edən, həm də sekresiyalanan maddə ilə çatdırılmaq istənilən informasiyanı qəbul edən canlı bu düsturdan xəbərdardır. Həmçinin başqa növə aid düsturları aşkarlayıb təqlid edən canlılar da var.

Feromenlər yolu ilə hərəkət edən canlılar arasında ən geniş yayılanları arı, qarışqa, termit kimi birlikdə yaşayan böcəklərdir. Bu canlılardan quruda yaşayanlar izlərini torpaqda buraxırlar. Bu kimyəvi izlər böcəklərin gəzişdiyi bütün mühitlərdə: ağaclarda, budaqlarda, yarpaqlarda və meyvələrdə ola bilər. Havadakı izlər isə uçan böcəklər tərəfindən buraxılır və müntəzəm olaraq yenilənməlidir. Qoxu yolu ilə təsirli olan cinsiyyət feromenləri bu qrupa daxildir.

Bəs bu canlılar yaydıqları xüsusi qoxunu necə istifadə edirlər?

Böcəklər ölçülərinin kiçikliyi, uçma və sürətli hərəkət etmə xüsusiyyətlərinə görə çox geniş sahələrə yayılan canlılardır. Bu xüsusiyyətləri törəmələri üçün ilk anda problem kimi görünə bilər. Ancaq bu vəziyyət feromenlər sayəsində aradan qalxmışdır. Bir çox böcək öz növündən başqa böcəyin varlığını yaydığı feromeni sayəsində tapa və onun izini davam edə bilir. Bir canlı yalnız yaydığı qoxu sayəsində öz növünə aid canlıların yerini müəyyən edir, harada olmasından asılı olmayaraq cütləşmək üçün öz cütünü tapa bilir. Ancaq bu canlılar nə belə xüsusi qoxuları inkişaf etdirən mühitə sahibdir, nə də xüsusi yaratma qabiliyyəti olan şüura. Əgər yalnız 1-2 sm uzunluğundakı böcək ətrafındakılarla ünsiyyət qurmaq üçün qoxu istehsal edir və bu qoxunu kilometrlərlə uzaqdan ayırd edərək verilən informasiyanı qəbul edirsə, bu bizə ağıllı müdaxilənin mövcudluğunu göstərir. Qarşımızdakı hər gözəllik, hər qüsursuzluq və hər dizayn nümunəsi də bizi şübhəsiz üstün və güclü olan, hər şeyi ən mükəmməl forması ilə yaradan Yaradıcıya aparmalıdır. Bu Yaradıcı, şübhəsiz ki, bu canlılara qoxu yayma və bu yolla xəbərləşmə qabiliyyəti verən aləmlərin Rəbbi olan Allahdır.

KENQURU BALASININ DÜNYAYA GƏLMƏSİ

Kenquruların çoxalma sistemi digər məməlilərdən fərqlidir. Kenquru embrionu bir qisim mərhələni bətndə deyil, bətnin xaricində tamamlayır. Döllənmədən təxminən 33 gün sonra bir santimetr uzunluğunda kenquru balası dünyaya gəlir. Bu mərhələni bütün məməlilər ana bətnində keçirir, kenquru balası isə bir santimetr uzunluğunda və kifayət qədər inkişaf etməmiş dünyaya gəlir. Ön ayaqları qeyri-müəyyən halda, arxa ayaqları da kiçik çıxıntılardan ibarətdir. 

Doğulan bala təxminən üç dəqiqəlik səfərdən sonra anasının kisəsinə çatır. Kiçik kenquru üçün bu kisə digər məməlilərdəki ana bətni funksiyasını daşıyır. Amma çox vacib bir fərq var. Digərləri dünyaya körpə kimi gəlir, kenquru balası isə bətndən çıxdıqda forma etibarilə embriondur. Ayaqları, üzü və bir çox üzvü hələ tam formalaşmamışdır.

Anasının kisəsinə çatan bala dörd məmə ucundan birinə yapışır və süd əmməyə başlayır. Bu dövrdə ana yenidən cütləşmə dövrünə girir və yeni bir yumurta da yaranır. Döllənmədən 33 gün sonra paxla böyüklüyündəki yeni bala doğulur və digər bala kimi sürünərək kisəyə çatır.

Ana kenqurunun kisəsində eyni zamanda müxtəlif inkişaf mərhələrində olan balalar ola bilər. Ancaq ana kenquru hər balasının ehtiyacına uyğun olaraq onları əmizdirir. Kenquru öz balalarına verəcəyi südün hansı nisbətdə və hansı qida maddələrindən ibarət olacağını müəyyən edə və bunu öz bədənində istehsal edə bilməz. Ananın bu işi şüurlu olaraq tənzimləməsi qeyri-mümkündür. Bu möcüzə aləmlərin Rəbbi Allahın üstün yaratmasının dəlillərindən yalnız biridir.