İNSANIN YARADILIŞI
İnsan həyatı boyu sahib olduğu bədənlə görür, eşidir, nəfəs alır, yeriyir, qaçır və zövq alır. İnsan bədənindəki sümüklər, əzələlər, damarlar, daxili orqanlar mükəmməl nizama malikdir. Bu nizam araşdırıldıqda isə daha da təəccüblü həqiqətlərlə qarşılaşılır. Bir-birindən fərqli kimi görünən bu bədən hissələrinin hamısı eyni materialdan ibarətdir. Bu material hüceyrədir. Hüceyrə bir orqanın, məsələn, sümüyün ən kiçik hissəsidir: bir milyon hüceyrə bir yerə gəlsə, ancaq bir iynə ucu qədər yer tutar.
İnsan bədənini təşkil edən 60-70 kiloluq ət və sümük kütləsi insanın doğumundan 9 ay 10 gün əvvəl tək bir hüceyrədə toplanmışdır. Bu hüceyrə anadan gələn yumurta hüceyrəsi və atadan gələn spermatozoid hüceyrəsinin ananın bədənində birləşməsi ilə meydana gəlir.
Spermatozoid və yumurta hüceyrələrinin ana bətnində birləşməsi, yəni anadakı bir yumurtanın döllənməsi üçün hər dəfə təxminən 300 milyonluq spermatozoid ordusu atanın bədənində hazırlanılır. Bu rəqəmin belə yüksək olmasının səbəbi yumurtanın döllənməsinə mane olacaq hər hansı vəziyyəti aradan qaldırması ilə bağlıdır.
Döllənmə prosesində kişidən gələn spermatozoidlərlə müxtəlif vəzilərdən ifraz olunan mayelərin əmələ gətirdiyi qarışıq iştirak edir. Nüftə deyilən bu maye və sperma qarışığında yalnız spermatozoidin dölləndirmə qabiliyyəti var. Quranda nüftədən qarışıq su kimi belə bəhs edilir: "İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik." (İnsan surəsi, 2)
Spermatozoidin quruluşunda döllənməni asanlaşdıran xüsusiyyətlər var. Spermatozoidin baş, orta, quyruq hissələri var. Metrin milyonda biri qədər kiçik olan baş hissəsinə bir hüceyrəni insana çevirən atadan gələn bütün məlumat sığdırılmışdır. Spermatozoidin digər əhəmiyyətli hissəsi də quyruqdur. Quyruq müntəzəm qamçı hərəkətləri ilə yumurta hüceyrəsinə çatmağı təmin edir.
İnsanın yaranmasında rol oynayan yumurta hüceyrəsi
Döllənmənin asanlıqla reallaşması üçün qadın bədənində də bir çox sistem hazırlanmışdır. Yumurta hər təfərrüatı ilə bu iş üçün yaradılmış “yumurtalıq” adlı orqanda meydana gəlir. Yumurtalıqlar uşaqlığın sağında və solunda yerləşir və uşaqlığa incə borularla bağlıdırlar. Yumurtalıqda yaranan yumurta daha sonra bu boruların xüsusi yaradılışı sayəsində spermatozoidlərlə birləşir. Bu boruların içindəki kiçik tükcüklər irəli-geri hərəkət edərək yumurtanı spermatozoidə doğru, spermatozoidi də yumurtaya doğru yaxınlaşdırır. Döllənmə prosesi bu borunun içində baş verir.
Yumurtanın xarici hissəsi yağ, şəkər və zülaldan ibarət olan qılaf ilə örtülmüşdür. Bu qılaf yumurtanı spermatozoidə doğru hərəkət etməsi üçün lazım olan enerji ilə təmin edir. Bəs kiçik hüceyrə hələ yumurtalıqda yarandığı anda belə bir yola çıxacağını və bu səfər əsnasında özünə enerji lazım olacağını bilə bilərmi?
Körpənin böyüməsi üçün yaradılmış ən etibarlı yer: ANA BƏTNİ
Uşaqlıq əzələlərdən ibarət olan möhkəm divarlı və içi boş bir orqandır. Hamiləlik boyu uşaqlığın həcmi 20-25 dəfə artır. Beləliklə, qadının döllənmiş yumurtasının içində böyüyüb inkişaf edə biləcəyi ən uyğun yerə çevrilir. Döllənmiş yumurta yumurtalıqdan uşaqlığa qədər olan boruda bir tərəfdən bölünərək çoxalır, digər tərəfdən də irəliləməyə davam edir. Hüceyrələr bu yolun hər hansı bir yerində yerləşmir: inkişafı üçün ən etibarlı yer olan uşaqlığı seçir və bura yapışır. Allah Quranda bu həqiqəti belə bildirir: "Yaradan Rəbbinin adıyla oxu! O, insanı bir qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir." (Ələq surəsi, 1-3)
"Ələq" sözünün ərəbcədən tərcüməsi "bir yerə asılıb yapışan şey" deməkdir. “Ələq” sözü dəriyə yapışaraq oradan qan əmən zəlilər ifadəsi üçün də istifadə edilir.
Döllənmiş yumurta da ayədə bildirildiyi kimi, uşaqlığın divarına asılıb yapışır. Bundan 1400 il əvvəl nazil olmuş Qurani Kərimdə ana bətnində inkişaf edən hüceyrənin təsvir edilməsi Quranın möcüzələrindən biridir. O dövrün elmi ilə kəşf edilməsi mümkün olmayan bu məlumatın əsrlər əvvəl Quranda bildirilməsi Quranın aləmlərin Rəbbi olan Allah tərəfindən endirildiyini bir daha təsdiqləyir.
Yalnız hüceyrələrdən ibarət olan bu kiçik ət parçası (ələq) necə olur ki inkişafı üçün ən uyğun yeri seçir? Bu şüurlu davranış insan bədənində reallaşan proseslərin üstün bir ağılın nəzarətində reallaşdığını göstərir:
"Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir." (Ali İmran surəsi, 6)
Hüceyrələr fərqli qruplara ayrılır!
Uşaqlığa yapışan və bir-biri ilə eyni olan hüceyrələr müəyyən müddət sonra bölünərək çoxalır. Hər keçən gün bəzi hüceyrələr digərlərindən daha çox fərqlənir. Bütün hüceyrələr sanki müəyyən bir vəzifəni yerinə yetirən işçilər kimi hissə-hissə hərəkət edirlər. Bu sıx fəaliyyət nəticəsində bəzi hüceyrələr sümük, bəziləri dəri, bəziləri də əzələ hüceyrələri olacaq.
Bu hazırlığın necə ediləcəyi, hansı hüceyrənin hansı toxumanı, hansı orqanı meydana gətirəcəyi hər hüceyrə qrupuna ayrı-ayrı ilham edilmişdir. Başda bir-biri ilə eyni olan hüceyrələrin çoxalması nəticəsində bədəndə təxminən 200 növ hüceyrə meydana gəlir. Hüceyrələrin yaradılmasında heç bir qarışıqlıq olmur. Hər hüceyrə harada necə davranacağını çox yaxşı bilir. Bu qüsursuz nizamı təmin edən və hüceyrələrə nələr edəcəklərini ilham edən, hər şeyin hakimi olan uca Allahdır.
İki canlı arasındakı həyat körpüsü: cift
Cift ana ilə körpə arasında qida, oksigen və digər maddələrin daşınmasını təmin edir. Cift yeni hüceyrə qruplarının, yəni toxumaların meydana gəlməsi üçün lazım olan qidaları diqqətlə seçərək körpəyə daşıyır. Cift bu prosesin tam əksini, yəni körpədən ana bətninə tullantı maddələrin daşınması prosesini də ustalıqla yerinə yetirir. Bu şəkildə qidalanan körpənin inkişafı nəticəsində olduqca mütənasib, uyğun forma ortaya çıxır. Bu inkişafın bütün bədən hissələrində eyni şəkildə reallaşması şərtdir. Məsələn, yalnız gözə aid 40 fərqli hissə mövcuddur. Gözün funksiyalarını yerinə yetirə bilməsi üçün həmin hissələr mütənasib böyüməli, hissələr arasındakı əlaqə möhkəm olmalı və hamısı öz yerində olmalıdır. Əks halda göz funksiyalarını yerinə yetirə bilməz.
Sümüklərin əzələ ilə örtülməsi
Çox yaxın zamana qədər sümük və əzələlərin ana bətnində eyni zamanda yaranaraq inkişaf etdikləri zənn edilirdi. Ancaq aparılan son tədqiqatlar çox fərqli və insanların heç bilmədikləri bir həqiqəti sübut etdi. Belə ki, ana bətnindəki körpədə qığırdaq toxumasının sərtləşməsi nəticəsində əvvəl sümük meydana gəlir, sonra əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumalardan yaranıb sümüyü örtür. Halbuki elmin yeni kəşf etdiyi bu həqiqət Quranda 1400 il əvvəl insanlara bildirilmişdir: "Sonra o su damlasını bir qan laxtasına çevirdik; ardınca o qan laxtasını bir ət parçası etdik; daha sonra o ət parçasını sümük olaraq yaratdıq; beləcə sümüklərə də ət geydirdik; sonra bir başqa yaradılışla onu yaratdıq. Yaradıcıların ən gözəli olan Allah ucadır." (Muminun surəsi, 14)
Körpənin həyat suyu: amnion suyu
Körpə inkişafını tamamladığı 9 ayı ana bətnində içi maye ilə dolu bir kisədə keçirir. Bu maye amnion mayesidir. Bu maye bir çox xüsusiyyəti ilə körpəni xarici dünyaya hazırlayır. Körpə bu maye içində xarici dünyaya öyrəşmək üçün hərəkət edir. Nizamlı olaraq bu mayeni içir, dili dad almağa, bağırsaqları əmməyə, böyrəkləri də süzmə işinə hazırlaşdırılır. Bu maye eyni zamanda xaricdən gələn təhlükələrə qarşı da körpəni qoruyur. Çünki mayelərə hər hansı istiqamətdən gələn təzyiq hər tərəfə bərabər paylanır.
Amnion mayesi ananın sağlamlığı üçün də vacibdir. Maye içində üzən körpə ana bətninə ağırlıq vermir və bu sayədə normal inkişafını tamamlaya bilir.
Yeni dünyaya doğru…
Körpənin yeni dünya üçün bütün hazırlıqları tamamlandıqda amnion mayesi də doğum üçün hazırlıq görməyə başlayır. Uşaqlıq ağzını genişlədən su kisəcikləri meydana gətirir. Bu kisələr həm uşaqlığın ağzını genişlədərək körpənin doğum əsnasında əzilməsinə mane olur, həm də doğumun başlanğıcında uşaqlıq borusundakı mayelərlə körpənin keçəcəyi yolu sürüşkənləşdirib mikrobları öldürürlər.
Bu vaxt körpə də çölə çıxmaq üçün ən uyğun vəziyyətdə olur, yəni baş uşaqlığın aşağısına doğru gəlir. Bəs körpə doğum üçün ən uyğun mövqenin bu olduğunu, doğum vaxtının gəldiyini necə bilir? Hələ şüuru tam formalaşmamış bir varlığın belə şüurlu davranışlar göstərməsi, əlbəttə, onun öz iradəsi ilə deyil, yaradıcısı olan Allahın ilhamı ilə hərəkət etdiyinin açıq-aşkar göstəricisidir. Allah bunu Quranda belə bildirir: Ey insanlar, yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)
MÜDAFİƏ SİSTEMİ MÖCÜZƏSİ
"Faqositoz" adlandırılan bu hadisədə makrofaq çoxlu bakteriyanı udmaq üçün uzanır (üstdə). Bakteriyalar makrofaqın bir çıxıntısı tərəfindən əhatəyə alınmış vəziyyətdədir (sağ tərəfdə üstdə) və bir hüceyrə tərəfindən udulurlar (sağda). Daha sonra makrofaqın içindəki güclü kimyəvi maddələr "hücumçu"nu parçalara ayırıb yox edirlər. Başqa sözlə, makrofaq düşməni udur, həzm edir və ortaya çıxan maddələri istifadə edir.
1. SAVAŞ BAŞLAYIR. Viruslar bədəndə yayılarkən bir neçəsi makrofaqlar tərəfindən udulur. Makrofaqlar virusun antigenlərini ayıraraq öz səthlərinə yerləşdirirlər. Qan dövranındakı milyonlarla köməkçi T hüceyrəsindən çox azı bu xüsusi antigenləri "oxuma" qabiliyyətinə malikdir. Makrofaqa bağlanan bu T hüceyrələri aktivləşməyə başlayırlar.
2. MÜDAFİƏEDİCİ HÜCEYRƏLƏR ÇOXALIR. Köməkçi T hüceyrələri aktivləşən kimi çoxalmağa başlayırlar. Bundan sonra öldürücü T hüceyrələrini və B hüceyrələrini xəbərdar edirlər. B hüceyrələrinin sayı artarkən köməkçi T hüceyrələri onlara anticisim istehsal etmək üçün siqnal verir.
3. XƏSTƏLİYİN DƏF EDİLMƏSİ. Artıq virusların bir qismi hüceyrələrin içinə daxil olur, çünki viruslar yalnız hüceyrə daxilində çoxala bilir. Öldürücü T hüceyrələri ifraz etdikləri kimyəvi maddələrlə bu hüceyrələrin qılaflarını deşərək ölmələrinə səbəb olur, beləcə hüceyrə içindəki virusun çoxalmasının qarşısını alırlar. Anticisimlər birbaşa virusun səthinə bağlanaraq onu zərəsizləşdirir, hüceyrələrə girməsinə mane olur və içinə sızılan hüceyrələri yox edən kimyəvi reaksiyalar meydana gətirirlər.
4. SAVAŞDAN SONRA. Xəstəlik dəf edildikdən sonra T-killer hüceyrələri bütün hücum hərəkatını dayandırırlar. Əgər təkrar eyni virusla qarşılaşsalar, “yaddaş” T və B hüceyrələri dərhal hərəkətə keçib qan və linfa sistemində qalırlar.
GÖZDƏKİ QÜSURSUZ DİZAYN
Bu cümləni oxuyub bitirənə qədər gözünüzdə təxminən yüz milyard (100. 000. 000.000) əməliyyat həyata keçirildi. Dünyanın bu ən maraqlı, ən sürətli və ən qüsursuz məlumat ötürülməsi hər an fasiləsiz davam edir.
Gözləriniz olmasaydı, hər hansı bir rəngin, şəklin, mənzərənin, insanın, “gözəllik” anlayışının necə olduğunu heç bir zaman xəyalınızda canlandıra bilməzdiniz. Lakin gözləriniz var və bunun vasitəsilə ətrafınızı görür, bu anda da bu yazını oxuyursunuz. Bunun nə qədər böyük bir möcüzə olduğu bir çox insan kimi, bəlkə də, bu günə qədər sizin də ağılınıza gəlməmişdir.
Gözə gələn işıq şüaları buynuz qişadan, göz bəbəyindən və daha sonra göz büllurundan keçir. Şəffaf təbəqənin qabarıq üst səthi və göz bülluru işığı sındırır və cismin (şəkilin) görüntüsü tərsinə çevrildikdən sonra tor qişaya göndərilir.
İşığa həssas hüceyrələr (reseptorlar, kolbacıq və çöpcüklər) işığı elektrik siqnallarına çevirir və sinir uclarını qıcıqlandırırlar. Tor qişadan gələn görüntü orijinalından fərqli olaraq tərsinə çevrilmiş və tərs tərəfdədir. Ancaq beyin yenidən görüntünü şərh edərək düzünə çevirir. Bu elektrik siqnalları beyinə cismin növü, ölçüsü, rəngi, məsafəsi haqqında xəbər göndərir və bütün bu ardıcıl əməliyyatlar saniyənin 1/10-i qədər qısa müddətdə həyata keçirilir. Görmə prosesi baş verərkən bir saniyədə həyata keçirilən əməliyyatları heç bir müasir kompyuter yerinə yetirə bilməz.
Gözün mükəmməl quruluşu, əlbəttə, burada qeyd etdiklərimizlə məhdudlaşmır. Məsələn, göz bülluru işıq şüalarını tor qişa üzərinə fokuslayır və müntəzəm olaraq qalınlığını nizamlayır. Bu "avtomatik fokuslama" sistemi vasitəsilə 20 sm uzaqdakı əlinizə baxdıqdan dərhal sonra
100 m uzaqlıqdakı bir ağaca baxa bilir və həmin an dəqiq görüntü əldə edə bilirsiniz. Əgər göz büllurunun belə xüsusiyyəti (və bu iş üçün ətrafına yerləşdirilmiş onlarla kiçik əzələ) olmasaydı, yalnız müəyyən məsafədəki cisimləri dəqiq görə biləcəkdiniz. Daha uzaq və daha yaxındakı maddələr isə hər zaman çox bulanıq görünəcəkdi. Qısacası, göz "avtomatik fokuslama" xüsusiyyətinə sahibdir və son 10 il içində inkişaf etdirilən müasir kameraların etdiyi işi milyonlarla ildir ki, edir. Üstəlik heç bir kamera göz qədər qüsursuz fokuslama apara bilmir.
Gözün hissələrindən biri olan quzehli qişa isə daha fərqli funksiyanı icra edir. Quzehli qişa gözünüzə rəng verən toxumadır, amma əsl funksiyası gözə girəcək işıq miqdarını təyin etməkdir. Bir az qaranlıq mühitə girdikdə quzehli qişa dərhal genişlənir və ortasındakı "göz bəbəyi" böyüyərək retinaya daha çox işıq girməsini təmin edir. Günəşə çıxdıqda isə tam əksi reallaşır və quzehli qişa qamaşmağı azaltmaq üçün çox sürətli şəkildə daralır. Əgər quzehli qişa belə funksiyaya sahib olmasaydı, yalnız müəyyən zamanlarda ətrafı yaxşı görə bilərdiniz. Bir az daha qaranlıq mühit zülmət qaranlığa çevrilər, bir az daha işıqlıqda gözləriniz tamamilə qamaşardı.
Göz qapaqları
Göz qapaqları gözün qorunması üçün yaradılmış ən vacib hissələrdən biridir. Göz qapaqlarının vəzifəsi göz almasını qorumaqla yanaşı, "buynuz qişa"nı hər an müəyyən nəm nisbətində saxlamaqdır. Göz qapaqlarının daxilindəki damarlar yuxuda oksigen ala bilməyən gözün xarici təbəqəsini qidalandırır.
Hər kəs gün ərzində heç fərqində olmadan bir neçə min dəfə gözlərini qırpır. Bu hərəkət qeyri-ixtiyari edilərək gözlər güclü işıq təmasından və xarici maddələrdən qorunur. Bu prosesin heç bir əmək sərf etmədən yerinə yetirilməsi də bir çox insanın bilmədiyi bir nemətdir.
Göz bəbəyi
Gözə girən işıq miqdarı göz bəbəyinin açıqlığının dərəcəsinə görə təxminən 30 qat dəyişə bilər. Məsələn, bir "fləş" alışması ilə 0.1 saniyədə baş verən dəyişmə nəticəsində göz bəbəyi dərhal nizamlanıb işığı sındırır.
Əlbəttə, bütün bu saydıqlarımız gözdə çox üstün "dizayn" olduğunu sübut edir. Bu elə bir sistemdir ki, tək bir hissəsi, məsələn, yalnız gözyaşı vəziləri, ya da buynuz qişanın şəffaflığı olmasa, göz öz funksiyalarını yerinə yetirə bilməz. Yəni gözün funksiyası üçün bütün təməl hissələrinin (təxminən 40 ayrı toxumanın) eyni anda, lazım olan yerdə, lazım olan funksiya və quruluşda olması lazımdır. Bu cür kompleks dizaynın "təkamül"lə, yəni təsadüflər zənciri ilə meydana gəlməsi isə, əlbəttə ki, qeyri-mümkündür. Gözün üstün ağılın əsəri olduğu açıq-aşkar bir həqiqətdir. Bu, Rəbbimizin bənzəri olmayan ağılıdır. Allah insanlara yolgöstərici kimi endirdiyi kitabında belə bildirir: "Allah, sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükr edəsiniz." (Nəhl surəsi, 78)
Ən mükəmməl göz damcısı: gözyaşı
Bir çox insanın "yalnız ağlayarkən axan duzlu su" zənn etdiyi gözyaşı şəraitdən asılı olaraq dəyişən quruluşu ilə çox fərqli mayedir. Gözyaşının ilk vəzifəsi gözü mikroblara qarşı qorumaqdır. İçində olan "lizosom" fermenti bir çox bakteriya növünü parçalama və mikrob öldürmə xüsusiyyətinə malikdir. Lizosom sayəsində göz infeksiyalardan qorunur. Bu maddə binaları mikroblardan təmizləmək üçün istifadə edilən güclü dezinfeksiyaedici "fenol”dan daha təsirlidir. Bu qədər güclü olduğu halda, bu fermentin gözə heç bir zərər verməməsi böyük möcüzədir.
Tərkibində olduqca güclü dezinfeksiyaedici olan gözyaşı gözün kimyəvi quruluşuna ən uyğun şəkildə yaradılmışdır. Bu yağlama-nəmləndirmə sistemi sayəsində gözünüz qurumur. Əgər bu sistem mövcud olmasa və ya əskik çalışsaydı, o zaman göz ilə göz qapağı arasında daim sürtünmə olar, gözünüz bir neçə dəqiqə içində quruyar, göz qapaqlarınız yapışar və qısa müddətdə kor olardınız.
SKELETİN YARADILIŞI
Gülmək, qaçmaq, yerimək, oturmaq, ayağa qalxmaq, ayaqüstə dayanmaq, yatmaq, yazı yazmaq ... Hər insan bütün bu əməliyyatları sümükləri vasitəsilə icra edir. Sümükləri sayəsində yeriyir, yenə onlar sayəsində ayaqüstə dayanır, yatır, gülür, yemək yeyir. İnsan bədənində 206 ədəd sümük var. Hər biri fərqli funksiyaları icra edən sümüklər Allahın yaratma sənətinin ucalığını bizə göstərir.
Sümük toxuması bir çox insanın zənn etdiyi kimi, cansız deyil. Sümük toxuması bədəndə kalsium, fosfat kimi bir çox əhəmiyyətli mineralın deposudur. Bədənin ehtiyacına görə bu mineralları depolayır və ya əvvəlcədən depoladıqlarını bədənə verir. Bütün bunlarla yanaşı, qırmızı qan hüceyrələri də sümük iliyi tərəfindən istehsal edilir.
Skeletin mükəmməl funksiyası
Skelet mükəmməl funksiyalara sahib olmaqla yanaşı, onu təşkil edən sümüklər də həyrətamiz quruluşa sahibdir. Bədənin daşınması və qorunması kimi çox vacib vəzifəni öhdəsinə götürən sümüklərimiz bu işi rahatlıqla yerinə yetirəcək vəziyyətdə və möhkəmlikdə yaradılmışdır. Hətta bədənin düşəcəyi çətin vəziyyətlər də hesablanmışdır. Məsələn, omba sümüyü şaquli vəziyyətdə bir ton ağırlığı qaldıra bilər. Atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə artıq yük düşür. Hətta şüvüllə tullanan bir atlet yerə enərkən omba sümüyünün hər kvadrat santimetri 1400 kiloluq təzyiqə məruz qalır. O halda sümük deyilən və tək bir hüceyrənin bölünməsi nəticəsində ortaya çıxan bu sistemi bu qədər qüvvətli edən nədir?
Sümüklərin daxili quruluşu insanların binalarda və körpülərdə istifadə etdiyi qəfəs quruluş sisteminə bənzər yaradılmışdır. Sümüyün quruluşu insanların tikdikləri tikililərdən daha üstün və daha mürəkkəbdir. Bu sayədə sümüklər həm möhkəm, həm də insanın rahatlıqla istifadə edə biləcəyi yüngüllükdə olurlar. Əgər əksinə olsaydı, yəni sümüklərin içi xarici kimi sərt və tamamilə dolu olsaydı, həm sümüklər insanın daşıya biləcəyindən daha ağır olardı, həm də sümüyün quruluşu sərt olub ən kiçik zərbədə çatlaya və ya qırıla bilərdi.
QANIN HƏYATİ FUNKSİYASI
Qan bədənimiz üçün yaradılmış həyati mayedir. Bədənimizdə gəzdiyi müddət boyu onu isidir, soyudur, qidalandırır, qoruyur, enerji verir və içindəki zəhərli maddələrin kənarlaşdırılmasını təmin edir. Bədənimizdəki rabitələrin, demək olar ki, hamısı qandan asılıdır. Həmçinin damarlarda yaranan hər yaranı dərhal təmir edir. Beləliklə, sistem özünü davamlı olaraq yeniləyir. 60 kq ağırlığındakı bir insanın damarlarında təxminən 5 litr qan var. Ürək bu miqdarı bədəndə rahatlıqla bir dəqiqədə dövr etdirir, hətta ağır fiziki hərəkət edərkən və ya idmanla məşğul olarkən bir dəqiqədə bu miqdarı beş dəfədən çox dövr etdirə bilər.
Oksigen daşıma
Tənəffüs etdiyimiz hava həyatın ən zəruri maddəsidir. Od yandırmaq üçün necə oksigenə ehtiyac varsa, hüceyrələrin də enerji istehsalında şəkəri parçalaya bilmək üçün oksigenə ehtiyacı var. Bunun üçün oksigen ağciyərlərdən əzələlərə çatdırılmalıdır. Kompleks boru xəttinə bənzəyən qan dövranı sistemimiz də bu funksiyanı yerinə yetirir. Oksigeni daşıma funksiyasını qırmızı qan hüceyrələrinin içindəki hemoqlobin molekulu yerinə yetirir. Yastı, yumru və basıq disk şəklində olan qırmızı qan hüceyrələrinin yalnız biri təxminən 300 milyon hemoqlobin daşıyır.
Qırmızı qan hüceyrələrinin qüsursuz iş sistemi var. Oksigeni daşımaqla kifayətlənməyib, onu lazım olduğu yerdə də saxlaya bilirlər. Bunu da ən lazımi yer və zamanda, məsələn, çox çalışan bir əzələ hüceyrəsinin yanından keçərkən edirlər. Qırmızı qan hüceyrələri oksigeni bu şəkildə lazım olan toxumalara ötürür, şəkərin yandırılması nəticəsində ortaya çıxan karbondioksiti də ağciyərə daşıyır və orada saxlayır. Bunun ardınca dərhal yenidən oksigenlə birləşir və onu yenidən lazım olan toxumalara daşıyırlar.
İdeal dizayna sahib olan hüceyrələr
Qırmızı qan hüceyrələrinin miqdarı digər qan hüceyrələrinə görə çoxluq təşkil edir. Yetkin bir insanın damarlarında 30 milyard qırmızı qan hüceyrəsi var. Bu saydakı qırmızı qan hüceyrələri ilə bir futbol meydançasının təxminən yarısı örtülə bilər. Qanımıza, başqa sözlə, bədənimizə rəng verən hüceyrələr qırmızı qan hüceyrələridir. Qırmızı qan hüceyrələri yastı disklərə bənzəyirlər. Elastiklikləri sayəsində də ən dar kapilyar damarlardan və ya ən kiçik məsamələrdən belə keçə bilirlər. Qırmızı qan hüceyrələrinin elastik xüsusiyyəti olmasaydı, bədənin bir çox yerində yapışıb qalardılar. Bunun səbəbi kapilyar damarların yalnız 4-5 mikrometr qalınlığında olmasıdır (1 mikrometr – milimetrin mində biri). Halbuki qırmızı qan hüceyrələrinin diametrləri 7.5 mikrometrdir.
Qırmızı qan hüceyrələri belə elastik olmasaydı, nə olardı? Şəkər xəstələrinin qan hüceyrələri elastikliklərini itirir. Bunun nəticəsində xəstələrin gözlərindəki həssas toxumalar elastik olmayan qan hüceyrələri tərəfindən tıxanır. Bu tıxanma isə zaman keçdikcə korluğa yol aça bilər.
Mükəmməl nəqliyyat sistemi
Qandakı hüceyrələrdən əlavə, bədənə girən bir çox maddə də qanın “plazma” deyilən hissəsində daşınır. Bu maye tərkibində qan hüceyrələri olmadığı üçün sarı rəngdədir. Plazma bədən ağırlığının 5%- ni təşkil edir və bunun da 90%-dən çoxu sudur. İçində duzlar, minerallar, karbohidratlar, yağlar və yüzlərlə müxtəlif zülal var. Qandakı zülalların bəziləri daşıyıcı zülallardır. Bunlar yağları lazım olan toxumalara çatdırır. Əgər yağlar zülallar tərəfindən bu şəkildə daşınmasaydı, bir-birləri ilə birləşər və qanda şorbadakı yağ kimi nəzarətsiz şəkildə üzərdilər. Bu vəziyyət isə ölümcül problemlərə səbəb olardı.
Bədəndəki xüsusi informasiya funksiyasını isə plazmada gəzən hormonlar həyata keçirir. Hormonlar orqanlar və hüceyrələr arasında kimyəvi mesajlar daşıyaraq informasiyanı təmin edir.
Albumin plazma zülalıdır və bədəndə daşıyıcı funksiyasını icra edir. Xolesterol kimi yağları, hormonları, zəhərli öd kisəsi maddəsi olan sarı bilirubin və pensilin kimi dərmanları özünə çəkir. Zəhərləri qaraciyərə, qida maddələrini və hormonları isə lazım olduqları yerlərə aparır.
Xüsusi nəzarət mexanizmləri
Qida maddələri arteriyalardan lazım olan toxumalara çata bilmək üçün toxuma divarını keçməlidir. Toxuma divarı çox kiçik məsamələrə sahib olsa da, heç bir maddə özbaşına bu divardan keçə bilməz. Bu problemi həll edən və qidaları toxuma divarından keçirən faktor qan təzyiqidir. Ancaq qida maddələrinin toxumalara lazım olduğundan çox keçməsi isə toxumada infeksiya yaranmasına səbəb olar. Buna görə də qan təzyiqini tarazlaşdırmaq üçün mayeni qana geri çəkən bir mexanizm qurulmuşdur. Bu funksiyanı yenə albumin yerinə yetirir. Albumin toxuma divarlarındakı kiçik məsamələrdən keçmək üçün çox böyükdür və qandakı yüksək sıxlığı səbəbi ilə suyu süngər kimi əmir. Albumin olmasaydı, bədən sanki suda saxlanmış bir paxla kimi şişərdi.
Bədəndəki termostat
Qan zəhərlər, qazlar, ağ qan hüceyrələri və vitaminlər kimi maddələrlə yanaşı, istiliyi də daşıyır. İstilik hüceyrələrdəki enerji bərpası əsnasında əlavə məhsul kimi ortaya çıxır. İstiliyin bədənin hər tərəfinə paylanması və bədənin xarici mühit temperaturuna görə nizamlamlanmasının həyati əhəmiyyəti var. Əgər bədənimizdə istilik paylama sistemi olmasaydı, məsələn, qol gücü ilə etdiyimiz bir iş nəticəsində qollarımız həddindən artıq isinər, digər bədən üzvlərimiz isə soyuq qalardı. Belə bir sistem isə maddələr mübadiləsinə böyük zərər verərdi. Bu səbəbdən istilik bədənə paylanır. İstiliyin bədənə paylanması qan dövranı yolu ilə olur. Bədənin hər tərəfinə yayılan bu temperaturun aşağı salınması üçün də tərləmə mexanizmi öz funksiyasını yerinə yetirir. Dəri altındakı qan damarları isə genişlənir və beləcə qanın daşıdığı istiliyi havaya buraxması asanlaşdırılır. Bu səbəbdən qaçdığımız və ya gərgin fiziki bir iş gördüyümüz zaman damarların genişlənməsi nəticəsində üzümüz qızarır. Bütün canlı növlərinə həyat verən bu maddə Allahın yaratmasının açıq-aşkar dəlillərindən biridir. Allah bir ayəsində belə buyurur: "Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısıdır, elə isə Ona qulluq edin. O, hər şeyin üstündə bir vəkildir." (Ənam surəsi, 102)
DAMARLARIMIZDAKI MÜKƏMMƏL DİZAYN
Bədənimizdəki damar sistemi inkişaf etmiş bir ölkənin sahib olduğu nəqliyyat şəbəkəsi ilə müqayisə edilməyəcək qədər kompleksdir. Damarlar ürək və qanla birlikdə qan dövranı sistemini meydana gətirirlər. 100 min kilometrdən çox uzunluğu ilə bədənimizin hər tərəfinə paylanan damarlarımız böyük şose şəbəkəsinə bənzədilə bilər. Kiçik bir hesablama aparsaq, bu ədədin önəmini daha yaxşı anlaya bilərik: Bir insanın sahib olduğu damarlar birləşdirildikdə dünyanın ətrafında iki dəfə yarım dövr edəcək uzunluğa çatar. Bunu da xatırladaq ki, bədənimizdəki damar sistemi inkişaf etmiş bir ölkənin, məsələn, Amerikanın sahib olduğu şose şəbəkəsi ilə müqayisə edilməyəcək qədər kompleksdir. Şose müəyyən genişlikdə inşa edilir: günün fərqli saatlarındakı dəyişən nəqliyyat sayına görə yol sayı artmır və ya azalmır. Halbuki damarlarımızın daxili genişliyi sabit deyil. Yəni damarlarımız bizim fəaliyyətlərimizə uyğun olaraq daralır və ya genişlənir, beləcə qan təzyiqinin tənzimlənməsində əhəmiyyətli rol oynayırlar. Bu mükəmməl sistem sayəsində bədənin fərqli mühitlərə görə dəyişən ehtiyacları avtomatik olaraq təmin edilir. Qan damarlarının idman edərkən genişlənərək artan qan ehtiyacını təmin etməsi və ya yaralanmadan sonra daralaraq qanamağı azaltması haqqında danışılan qüsursuz sistemin bir nəticəsidir.
Damarların genişlənməsi və daralması
Bəs damarlar genişlənmə və ya daralma vaxtını necə anlayırlar? Bu sualın cavabı insan həyatı üçün çox vacibdir. 100 min kilometrlik damar şəbəkəsinin hər hansı bir yerində meydana gələn ən kiçik bir səhv ciddi problemlər doğurar.
Alimlər on il bundan əvvələ qədər damarın içində çox kompleks bəzi əməliyyatlar olduğu ilə bağlı fərziyyələr irəli sürür, lakin yuxarıdakı sualın cavabını verə bilmirdilər. Aparılan tədqiqatların nəticələri kimyəvi bir xəbərçinin varlığını ortaya çıxardı. Bu xəbərçi azot monoksid (NO) molekulu idi. Damarlara genişlənmələri "təlimatını verən" məhz bu iki atomlu molekul idi. Damarlarımızın dərinliklərində azot monoksid istehsal edən möhtəşəm təsisatların sahib olduğu sistem mükəmməlliklərlə doludur.
QOXU VƏ YADDAŞ
Qoxuların insan hafizəsindəki xatirələri hərəkətə keçirdiyi hər kəsə məlumdur. İnsan bir şeyi iyləyəndə qoxuya aid molekullar buruna girir. Bitkilərin qoxu molekulları uçucudur, buna görə çox aşağı temperaturda belə qaza çevrilərək havada yayılırlar. Çox yüngül külək belə bu qoxuları buruna daşıyır. Burnun arxa hissəsinə çatan qoxu molekulları nəmli toxuma ilə qarşılaşır. Bu toxuma neyron adlı qoxu qəbul edən 5 milyon hüceyrədən ibarətdir. Bu 5 milyon hüceyrədən hər biri ucunda qəbuledicilər olan saçaqlı çıxıntıları dalğalandıraraq qoxu molekullarını tutur. Bu bığcıqların digər ucu hüceyrənin içinə yapışmışdır. Qoxu molekulu bu tələyə düşdükdə zəncirvari siqnal hüceyrə içində gəzərək beynin alt tərəfindəki iybilmə mərkəzinə lazımi informasiyanı çatdırır. Bütün bu əməliyyatlar bir saniyədən daha qısa zamanda reallaşır. Daha sonra siqnallar buradan çıxaraq beynin duyğu və motivasiyası ilə əlaqədar olduğu zənn edilən hissəsinə (limbik sistem) daxil olur. Bu siqnal nəticəsində qoxunun nəyə aid olduğu, gözəl, yoxsa xoşagəlməz olduğu aydınlaşır. Əgər tanış bir qoxu ilə qarşılaşılsa, o qoxunun qaynağı ilə bağlı yaddaş məlumatları təzələnir. Məsələn, limon qoxusu aldıqda ağlımıza limonad gələ bilər, ya da ədviyyat qoxuları aldıqda yeməkləri düşünməyə başlayırıq. Çox aydındır ki, bunlar bütün varlıqları bir-biri ilə mükəmməl uyğunluq içində yaradan, üstün elm və sənət sahibi olan Allahın əsəridir. Bütün qoxuları və onları qəbul edən orqanları yaradan Allah insan ruhunu da bu qoxulardan təsirlənəcək şəkildə yaratmışdır. "O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?" (Rəhman surəsi, 10-13)
BƏDƏNİMİZDƏKİ İFRAZAT SİSTEMİ
Böyrəklər yalnız 5-7 sm uzunluğunda, heç bir qulluq tələb etməyən və bədənimizin ehtiyaclarına tam uyğun filtr funksiyasını yerinə yetirən həyati əhəmiyyətə sahib orqanlardandır. Son dərəcə kompleks laboratoriya proseslərini yerinə yetirən böyrəklər hər şeyi qüsursuz nizam içində yaradan Allahın bənzərsiz əsərlərindən biridir.
İnsan bədənində daim fəaliyyətdə olan 100 trilyon hüceyrə var. Hüceyrələrin bu fəaliyyətləri nəticəsində çoxlu tullantı maddələr yaranır. Sidik, sidik turşusu və keratin kimi maddələrdən ibarət olan maddələr çox zəhərlidir. Əgər bədəndən kənarlaşdırılmasa, bədənin funksiyaları qısa müddətdə pozular, bədənimiz zəhərlənər və ölüm təhlükəsi yaranar.
Beləliklə, insan bədənindəki qüsursuz dizayna bir daha şahid oluruq. Necə ki mühərriklərdə işlənmiş qazların boşaldılması üçün xüsusi sistemlər hazırlanmışdırsa, bədənin gündəlik funksiyaları əsnasında ortaya çıxan zərərli maddələrin uzaqlaşdırılması üçün də çox xüsusi sistem yaradılmışdır. Bu sistem ifrazat sistemidir.
Hüceyrələr fabriklər kimi zəhərli tullantılarını qan plazmasına buraxırlar. Bu vəziyyət bədəni başdan-ayağa əhatə edən qan çayının 100 trilyon fabrikin tullantısı ilə çirklənməsi deməkdir. Bu çirklilik insan həyatı üçün olduqca zərərlidir. Bu səbəbdən sürətlə çirklənən qanın tezliklə təmizlənməsi lazımdır.
Ancaq burada çox vacib bir problem var. Çirklənən qanın içində sidik, sidik turşusu kimi zəhərli maddələrlə yanaşı, amin turşuları, vitaminlər, su və qlikoza kimi bədənin ehtiyac duyduğu maddələr də var. Elə isə qanı təmizləyən sistemin sadə bir süzmə əməliyyatını yerinə yetirməsi kifayət etməyəcək. Bu sistemin faydalı maddələri tanıyıb mühafizə etməsi ilə yanaşı, yalnız zərərli maddələri digərlərindən ayıraraq uzaqlaşdıracaq kompleks bir təmizləmə qurğusu kimi çalışması da lazımdır.
Qanın böyrəklərdə təmizlənməsi
Bədəndə gəzən qan böyrəklərdə əvvəlcə süzmə prosesini yerinə yetirir. Bu prosesin reallaşması üçün böyrəklərin içinə bir çox kiçik süzgəc yerləşdirilmişdir. Bu süzgəclərin sayı və funksiyaları düşünüldükdə çox açıq bir yaradılış möcüzəsi ilə qarşılaşılır. Tək bir böyrəyin içində 1.200.000 süzgəc var. Bu mikrosüzgəclərə “nefron” adı verilir. Bir nefron qədəhəbənzər kapsul (nefronun ucunda yerləşən, yarımkürə şəklində, kapilyar damarlardan ibarət olan quruluş), qlomerulus, böyrək cisimciyi və böyrək borucuqlarından ibarətdir. 1. 200.000 süzgəcin hər biri minlərlə mikrodəliyi olan mükəmməl dizayna sahibdir.
Ürəkdən çıxan qanın təxminən dörddə biri böyrək arteriyaları vasitəsilə böyrəklərə gəlir. Bu, dəqiqədə bir litrdən çox qan deməkdir. Qanı gətirən damar böyrəyə daxil olan kimi saysız-hesabsız kapilyarlara ayrılır. Bu kapilyarların hər biri bir mikrosüzgəcə bağlıdır. Ürəyin etdiyi təzyiq sayəsində qan sürətlə süzgəc səthinə vurur, zərərli maddələr və su süzgəcin digər tərəfinə keçir. Zülallar və qan hüceyrələri bu süzgəcdən keçə bilməyəcək qədər böyük olduqları üçün geridə qalırlar. Beləcə süzgəcin digər tərəfinə keçməyən qan süzülmüş və təmizlənmiş olur. Təxminən yumruğumuz böyüklüyündəki bir ət parçasının içinə 1.200.000 süzgəc yerləşdirilmişdir. Bu süzgəclərin hər birində eyni dizayn qüsursuz olaraq mövcuddur.
NECƏ NƏFƏS ALIRIQ?
Nəfəs alıb-vermə prosesinə heç vaxt özünüz nəzarət etmirsiniz. Çünki bəzi hüceyrələriniz sizin əvəzinizə bu prosesi yerinə yetirir. Əgər nəfəsalma prosesi bizim öz nəzarətimiz və diqqətimizdən asılı olsaydı, nəfəs almağı unutduqda, yuxuya getdikdə və ya başqa bir işlə məşğul olduqda havasızlıqdan ölə bilərdik. Hər insan üçün həyati əhəmiyyətə sahib olan nəfəsalma prosesini tənəffüs mərkəzi yerinə yetirir. Bu mərkəz bir mərcimək dənəsi böyüklüyündə olub beynimizin içərisində "uzunsov beyin" deyilən yerdədir və başlıca üç qrup sinir hüceyrəsindən ibarətdir:
Birinci qrup hüceyrələr tənəffüsün əsas ritmini təyin edir və nəfəs almağımız üçün əmr verirlər. Beləcə ehtiyacımız olan havanı içimizə çəkirik.
İkinci qrup hüceyrələr isə tənəffüsün sürətini və istiqamətini təyin edirlər. Ancaq ikinci qrup hüceyrələr fəaliyyətə başladıqda birinci qrup hüceyrələrin fəaliyyətini bir siqnalla dayandırırlar. Beləcə ağciyərin hava doldurma hissəsinə nəzarət edilir və nəfəs alıb verməyimiz sürətlənir.
Üçüncü qrup hüceyrələr isə normal nəfəs alıb-vermə prosesində aktiv deyillər. Ancaq yüksək nisbətlərdə nəfəs alıb vermək lazım olduğu zaman fəaliyyətə başlayırlar, qarın əzələlərimizə siqnal göndərib tənəffüs prosesinə qoşulmalarını təmin edirlər.
Bütün bu izah edilənlər həyatda qalmağımız üçün kifayətdirmi? Xeyr.
Tənəffüs prosesi kimyəvi olaraq da nəzarət edilir. Bizim nəfəs alıb-verməyimiz qandakı oksigen və karbondioksit miqdarlarının müəyyən nisbətdə qalması üçündür. Bu nisbətdəki dəyişikliklər isə tənəffüs mərkəzindəki bir qrup hüceyrəni hərəkətə keçirir və tənəffüsdəki pozulan dəyərlər çox həssas dəyişikliklərlə lazımi səviyyəyə gətirilir.
Qandakı oksigen miqdarının tənəffüs mərkəzinə birbaşa təsiri yoxdur. Ancaq beyinin xaricində şah damarı kimi bəzi böyük damarlardakı çox həssas qəbuledicilər qandakı oksigen müəyyən bir səviyyəyə çatdıqda tənəffüs mərkəzinə siqnal göndərir. Beləliklə, tənəffüs sistemində lazımi düzəlişlər edilir.
Bizim həyatda qalmamız üçün nə qədər oksigenə ehtiyacımız olduğunu bir qrup hüceyrə necə bilir? Elmin ancaq son 20 ildə aşkar etdiyi bu ağlasığmaz mexanizmi hüceyrələr ilk insan yaranandan indiyə qədər necə bilirlər?
Bu elə həssas mexanizmdir ki, həyatımız boyu oturarkən, qaçarkən və ya yatarkən heç bir səhvə yol vermir. Bədənimizdəki 100 trilyon hüceyrəyə hər an tam ehtiyacı olan oksigen daşınır və zərərli olan karbondioksit və hidrogen ionu kimi tullantılar dərhal uzaqlaşdırılır.
BEYNİMİZ
Ananın yumurta hüceyrəsi və atadan gələn spermatozoid hüceyrəsinin birləşməsi ilə yeni bir insanı yaradan ilk hüceyrə meydana gəlir. Bu möcüzəvi inkişafın ilk mərhələsində hüceyrələr bölünməyə başlayır və zamanla inkişaf edir. Ana bətnində başlanğıcda bir ət parçası formasında olan hüceyrələr bölünməyə davam edərək və qruplaşdırılaraq işığa qarşı həssas göz hüceyrələrini, acını, şirini, ağrını, istini, soyuğu hiss edən sinir hüceyrələrini, səs titrəşmələrini qavrayan qulaq hüceyrələrini və qidaları həzm edən həzm sistemi hüceyrələrini, eləcə də bir çoxunu yaratmağa davam edirlər.
Embrionun ana bətnindəki inkişafında 5-ci həftədən etibarən yaranan onurğa beynində saniyədə 5000 neyron istehsal olunmağa başlanılır. Bu hissədə daha sonra beyin meydana gələcək (Science Vie, Mart 1995, ədəd: 190, s. 88).
Beyin hüceyrələrinin əksəriyyəti embrionun ilk beş ayında meydana gəlir və hamısı doğumdan əvvəl beyindəki lazım olan mövqelərini tutur. Böyük sürətlə yaranan hüceyrələr bir müddət sonra mərkəzi sinir sisteminin qollarını meydana gətirməklə daha uzaqlara hərəkət etməyə başlayırlar. Ancaq bu mərhələdə hər bir neyronun sinir sistemi içində özü üçün ayrılmış hədəf yerini dəqiq tapması vacibdir. Buna görə gənc neyronların yollarını tapa bilmələri üçün mütləq bir rəhbərə ehtiyacları var. Bu rəhbərlər onurğa beyni və beyinin inkişaf sahəsi arasında bir növ kabel kimi uzanan xüsusi hüceyrələrdir.
Neyronlar yarandıqları yerdən çıxıb bu rəhbərlərə yapışaraq hərəkət edirlər. Özləri üçün ayrılan yerləri anlayır, oraya yerləşirlər və dərhal ardınca çıxıntılar yaradaraq digər neyronlarla əlaqəyə girirlər.
Bu hüceyrələr yaranan kimi bilmədikləri bir yerə doğru yalnız özlərinə ilham edilən məlumatlar əsasında sanki proqramlanmış kimi hərəkət edirlər. Aydındır ki, beyinin və sinir sisteminin yaranması zamanı baş verən heç bir hadisənin təsadüflərlə meydana gəlməsi mümkün deyil. Çünki tək bir mərhələdəki fərqlilik zəncirvari olaraq bütün sistemi ləngidir. Neyronların yaranması və sinir şəbəkəsinə çevrilməsi beyinin və ona bağlı işləyən sinir sisteminin meydanagəlmə mərhələlərindən yalnız biridir. Təkamülçülərin iddia etdiyi kimi, nəinki beyinin, tək bir neyronun belə təsadüflərlə yaranması mümkün deyil. Neyronları bu xüsusiyyətlərlə yaradan, lazım olduğu anda lazım olan formaya salan, gedəcəkləri yerlərə onları tək-tək yerləşdirən Allahdır. Hər insan özünün də bu mərhələlərdən keçirildiyini bilməli və Rəbbimizin onu bir insan kimi yaratmasındakı ehtişamı görərək şükür etməlidir. Allahın hər şeyin Yaradıcısı olduğunu, göylərdə və yerdə Ondan başqa bir güc sahibi olmadığını ağlından bir an belə çıxarmamalıdır: "... Səni torpaqdan, sonra bir damla sudan yaradan, sonra da səni düz (əli, ayağı tutan, gücü, qüvvəti yerində) bir insan edən (Allah)ı inkarmı etdin? Lakin, O Allah mənim Rəbbimdir və mən Rəbbimə heç kimi şərikqoşmaram." (Kəhf surəsi 37-38)
DANIŞMA MÖCÜZƏSİ
Danışdığınız hər sözün möcüzəvi bir sistem sayəsində reallaşdığını heç düşündünüzmü?
Bir şey söyləmək istədiyiniz anda beyninizdən gələn əmrlər səs tellərinizə, dilinizə və oradan da çənə əzələlərinizə gedir. Beyində yerləşən danışıq mərkəzi danışıq prosesində iştirak edən bütün əzələlərinizə lazım olan əmrləri göndərir. İlk əvvəl ağciyərləriniz "isti hava" təmin edir. İsti hava danışığın xam maddəsidir. Hava burnunuzdan daxil olur, burun boşluğu, boğaz, nəfəs borusundan sonra bronxlara, oradan da ağciyərlərinizə keçir. Havadakı oksigen ağciyərlərinizdə qana qarışır, eyni zamanda karbondioksit də xaric edilir.
Ciyərlərinizdən geri qayıdan hava boğazınızdan keçərkən səs telləri adlı iki toxuma qıvrımı arasından keçir. Bu tellər bir növ pərdəyə bənzəyir və bağlı olduqları kiçik qığırdaqların təsirinə görə hərəkət edirlər. Siz danışmamışdan əvvəl səs telləriniz açıq vəziyyətdədir. Danışdığınız zaman tellər bir yerə gətirilir və nəfəs verdikdə çıxan hava ilə titrəyir. Ağız və burun quruluşunuz səsinizin özünəməxsus xüsusiyyətlərini təyin edir. Siz sözləri bir-birinin ardınca sıralayıb danışarkən diliniz damağınıza müəyyən miqdarda yaxınlaşıb uzaqlaşır, dodaqlarınız da büzülüb yayılır. Bu proseslərdə bir çox əzələniz böyük sürətlə hərəkət edir. Danışa bilməyiniz üçün bu proseslərin hər birinin əksiksiz reallaşması lazımdır. Bu fövqəladə proseslər ağlasığmaz sürətlə və qüsursuzca reallaşarkən sizin bunlardan xəbəriniz belə olmur.
HƏYAT BOYU DAVAM EDƏN SÜRƏTÇIXARMA: DNT
Bütün günü xəbəriniz olmadan bədəninizdə həyatınızın problemsiz olaraq davam etməsi üçün diqqətlə və məsuliyyətlə bir çox proseslər baş verir, qüsursuz tədbirlər alınır.
Hüceyrələr bölünərək çoxalırlar. Belə ki, insan bədəni başlanğıcda tək bir hüceyrə olduğu halda, bu hüceyrə bölünür və nəticədə 2-4-8-16-32... nisbətində çoxalmağa başlayır.
Bəs bu bölünmə prosesi nəticəsində DNT necə olur? Hüceyrədə tək bir DNT zənciri var. Halbuki yeni yaranan hüceyrənin də bir DNT-yə ehtiyacı olacağı aydındır.
Bunun üçün DNT hər mərhələsi möcüzələrlə dolu olan ardıcıl funksiyalar yerinə yetirir. Nəticədə hüceyrənin bölünməsindən qısa müddət əvvəl özünün bir nüsxəsini çıxarır və bunu yeni hüceyrəyə köçürür!...
Hüceyrənin bölünməsi ilə əlaqədar aparılan tədqiqatlar göstərir ki, hüceyrə bölünməmişdən əvvəl müəyyən böyüklüyə çatmalıdır. Bu müəyyən böyüklük sərhədini keçdiyi anda isə bölünmə müddəti öz-özündən başlayır. Hüceyrənin forması bölünməyə uyğun şəkildə olur. DNT də bir az əvvəl ifadə etdiyimiz kimi, özünün sürətini çıxarır.
Bunun mənası belədir: Hüceyrə bir bütün olaraq bölünməyə "qərar verir" və hüceyrənin içindəki fərqli hissəciklər bu bölünmə qərarına uyğun hərəkət etməyə başlayırlar. Hüceyrənin belə kollektiv bir işi bacaracaq şüura sahib olmadığı aydındır. Bölünmə prosesi gizli bir əmrlə başlayır və başda DNT olmaqla hüceyrə buna görə hərəkət edir. DNT özünü çoxaltmaq üçün əvvəl qarşılıqlı iki hissəyə ayrılır.
Bu hadisə olduqca maraqlı şəkildə reallaşır. Quruluşu spiralvari nərdivana bənzəyən DNT molekulu bu nərdivanın pillələrinin ortasından zəncirbənd kimi ikiyə ayrılır. Artıq DNT iki yarım hissəyə bölünmüşdür. Hər iki hissənin də əskik olan yarıları mühitdə hazır olan hissəciklərlə tamamlanır. Beləcə, iki yeni DNT molekulu yaradılır. Prosesin hər mərhələsində ferment deyilən və sanki inkişaf etmiş robotlar kimi işləyən ekspert zülallar öz funksiyalarını yerinə yetirirlər. Sürətçıxarma əsnasında ortaya çıxan yeni DNT molekulları nəzarətedici fermentlər tərəfindən dəfələrlə yoxlanılır. Hər hansı bir səhv varsa, dərhal müəyyən edilir. Yanlış şifrə qoparılıb yerinə doğrusu gətirilirək düzəldilir. Bütün bu proseslər çox böyük sürətlə baş verir: Dəqiqədə 3.000 pillə nukleotid yaranır, bir tərəfdən də bütün bu pillələr fermentlər tərəfindən dəfələrlə yoxlanılır və lazım olan düzəlişlər edilir. Böyük sürətlə yaranan yeni DNT molekulunda xarici təsirlər nəticəsində normadan artıq səhvlər edilə bilər. Bu dəfə isə hüceyrədəki ribosomlar DNT-dən gələn əmrlə DNT təmir fermentləri yaratmağa başlayırlar. Beləcə, DNT həm öz-özünü qoruyur, həm də özünün və nəslinin artmağını zəmanət altına alır.
Maraqlı olan isə DNT-nin həm yaranmasını təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlərin yenə DNT-də mövcud olan məlumatlara görə, DNT-in əmr və nəzarəti ilə yaranan zülallar olmasıdır. Bu bir-birinə bağlı elə möhtəşəm sistemdir ki, bunun təsadüflərlə addım-addım yaranması əsla mümkün deyil. Çünki fermentin olması üçün DNT-nin olması, DNT-nin olması üçün də fermentin olması, hər ikisinin olması üçün isə hüceyrənin qılafından digər bütün kompleks hissəciklərinə qədər əksiksiz olaraq mövcud olması lazımdır.
QARACİYƏR: BƏDƏNİMİZDƏKİ MÜSTƏQİL FABRİK
Qaraciyərinizin təkcə bir hüceyrəsində 500 fərqli kimyəvi proses baş verir. Millisaniyələr (saniyənin mində biri) içində qüsursuz mərhələlərlə baş verən bu proseslərin çoxu laboratoriya şərtlərində hələ təqlid edilə bilinmir. Qaraciyər hüceyrəsi yediyimiz qidaların hamısını hüceyrələrimizin istifadə edəəcəyi enerji olan şəkərə, yəni qlikozaya çevirir. İstifadə edilməyən şəkəri yağa çevirib depolayır. Şəkər olmadıqda isə zülalları və yağları şəkərə çevirib hüceyrələrə ötürür.
Biz istədiyimiz hər növdə yemək yeyirik, qaraciyər bu yeməkləri bədənimizin ehtiyacına görə istifadə edir, çevirir və ya depolayır. İlk insan yaranandan indiyə qədər trilyonlarla qaraciyər hüceyrəsi eyni şüurla və çaşmadan hərəkət edir.
Qaraciyərin özünü bərpaetmə qabiliyyəti
Qaraciyər insan bədənindəki öz-özünü bərpaetmə qabiliyyətinə sahib olan yeganə orqandır. Qaraciyərin 70%-i kəsilsə belə, bir-iki həftə ərzində funksiyalarını yenidən yerinə yetirə biləcək həcmə qayıdır.
Qaraciyər hüceyrələri hər hansı bir zədə və ya zərər gördükdə dərhal fəaliyyətə başlayaraq birdən-birə çoxalmağa başlayırlar. Hüceyrələr inanılmaz sürətlə bölünür və normal funksiyalarını maneəsiz yerinə yetirirlər. Zədələnmiş qaraciyər hissəsi bərpa olunduqdan sonra ortaq qərarla çoxalma prosesini birdən dayandırması isə daha çox təəccüblüdür.
DİLDƏKİ KOMPLEKS SİSTEMLƏR
Professor Cosef Brend dadbilmə üzrə apardığı tədqiqatlarla tanınmış bir alimdir. Brendin fikrincə, dilimizin üzərinə qoyulan bir şeyin dadını bilməyimiz yalnız 0.2-0.5 saniyə alır. Göz açıb-bağlamadan daha qısa olan bu zaman ərzində nələrin reallaşdığı əsrlərdir ki, araşdırılır. Hal-hazırda isə dadbilmə prosesinin yalnız ana xətləri məlumdur. Dadbilmə yediyimiz qidalara aid dad qarışıqlarının tüpürcək içində ərimələri ilə başlayır. Duzlu qidaların dadının daha sürətli qəbul edilməsinin səbəbi duzun tüpürcək içində digərlərinə görə daha tez əriməsidir. Hətta qidaların qoxusunun alınması ilə tüpürcək vəziləri sekresiyalanmağa başlayır və dil dad bilməyə hazır hala gəlir. Dadbilmədəki hər detal kimi bu mərhələ də vacibdir. Düşünün ki, bu sekresiya olmasaydı, quru qidaların dadını bilməyəcəkdik. Bu sekresiya həzm və müdafiəetmə sistemlərinə köməkçi olan zülal və fermentlər ehtiva edir. Bu sekresiyanın üzərində aparılan bütün tədqiqatlar bu mayenin quruluşunun olduqca mürəkkəb olduğunu ortaya qoyur.
Yeməklərdəki dad molekulları ilə dildəki dad hüceyrələri arasındakı xəbərləşmə hüceyrənin təpəsindəki mikrovillus adlı tükəbənzər hissədə icra edilir. Mikrovilluslar (dad tükcükləri) dad məsamələrindən dilin üzərini örtən selikli qişaya çıxırlar. Dad hüceyrələrinin reseptorları dad tükcüklərinin üzərində yerləşir. Diqqət yetirin, dad məsamələrinin diametri təxminən millimetrin mində dördü qədərdir.
Dad qarışıqları eyni zamanda xəbər daşıyan molekullardır. Funksiyaları daşıdıqları informasiyanı, dad hüceyrəsinin selikli qişasının üzərindəki reseptorlara və ya ion kanallarına çatdırmaqdır. Bu mərhələdə molekulyar və hüceyrə səviyyəsində baş verən proseslər Miami Universitetinin Professoru Stephen Roperin bildirdiyi kimi, hələ tədqiqat mərhələsindədir. Bir çox fərqli dad qarışığına qarşılıq olaraq, fərqli informasiya yolları mövcuddur. Yəni şirin, turş, acı, duzlu kimi fərqli dadlar üçün müxtəlif informasiya şəbəkələri qurulur. Başqa bir ifadəylə, dad hüceyrələri birdən çox sayda informasiya çatdırmaq üsuluna sahibdir və hal-hazırda bunların yalnız bir qismi elmə məlumdur.
BƏDƏNİMİZDƏKİ SU MİQDARINI TƏNZİMLƏYƏN GİZLİ PROSESSOR
Əgər tərləmə, ya da susuzluqdan su itkisinə məruz qalsaq, qandakı su miqdarı aşağı düşəcək. Əgər bədəninizdə xüsusi sistem olmasa idi, qanınızdakı suyun miqdarı nə qədər düşsə də, sizin bundan xəbəriniz olmayacaq və bir müddət sonra fərqində olmadan susuzluqdan ölə bilərsiniz. Bəs qanınızdakı su miqdarının aşağı düşdüyü necə məlum olur və lazımi tədbirlər necə alınır?
Beynin hipotalamus bölgəsinə çox xüsusi reseptorlar yerləşdirilmişdir. Bu reseptorlar hər saniyə, hətta siz bu yazını oxuyarkən belə qanınızdakı su miqdarını ölçürlər. Əgər qandakı su miqdarının azaldığını müəyyən etsələr, dərhal fəaliyyətə keçirlər. Hipotalamusdakı reseptorlar qandakı su miqdarının azaldığını müəyyən etdikləri anda dahiyanə bir üsula müraciət edirlər. Hipofiz vəzisi antidiuretik hormon (ADH) ifraz edir. ADH hormonundakı informasiya böyrəkdəki milyonlarla mikro kanalın ətrafında olan hüceyrələr üçün yazılmışdır və bu hüceyrələrə "sidik mayesindəki su molekullarını tutun" əmrini verir.
Bu xəbərləşmə sistemi sayəsində sidikdəki su molekullarının böyük hissəsi təmizlənir və təkrar qana qarışdırılır. Nəticədə sidik miqdarı azaldılır və bədənə müəyyən miqdarda su yenidən geri qaytarılır.
Əgər normadan çox su içsək, bu dəfə mexanizm tam əksinə işləyir. Qandakı su miqdarı yüksəlir. Bu yüksəlmə nəticəsində hipotalamusdakı reseptorlar ADH hormonunun sekresiyalanması prosesini yavaşladır. ADH hormonu azalarkən böyrəklərdəki suyun geri udulması da azalır. Sidik mayesi artır və qandakı su miqdarı tarazlıqda saxlanılır.
ADH hormonunun bir xüsusiyyəti də qan damarlarını daralda bilməsi və beləcə qan təzyiqini artıra bilməsidir. Bu da çox xüsusi hazırlanmış təhlükəsizlik sistemidir və insanın xüsusi yaradılışla yaradıldığının başqa dəlilidir. Bu təhlükəsizlik sistemi üçün yenə hərtərəfli planlama mövcuddur. Ürəyin qulaqcıq bölgəsinin və ürəyə gələn damarların içinə qan təzyiqini ölçən çox xüsusi reseptorlar yerləşdirilmişdir. Bu reseptorlardan çıxan kabellər, yəni sinirlər də hipofiz vəzisinə bağlanmışdır. Normal qan təzyiqi altında bu reseptorlar hipofiz vəzisinə dayanmadan elektrik siqnalları göndərirlər. Bu elektrik siqnallarının hipofizə çatması ADH hormonunun sekresiyalanmasına mane olur. Bu sistemi infraqırmızı şüalardan istifadə edərək qurulan siqnalizasiya sistemlərinə bənzədə bilərik. Əgər oğru fərqində olmadan bu şüa dəstələrindən birinə toxunsa, işıq şüaları və qəbuledici arasındakı əlaqə kəsilər… Ciddi qanama vəziyyətində insan çox qan itirər və damarlarındakı qan miqdarı azalar. Bu da qan təzyiqinin düşməsi mənasına gəlir ki, aşağı qan təzyiqi xəstə baxımından çox təhlükəli nəticələrə yol açar.
Qan təzyiqi düşəndə damarlardakı və ürəkdəki reseptorların hipofizə göndərdikləri siqnal da kəsilir. Bu da hipofizin həyəcan vəziyyətinə keçməsinə və ADH hormonu ifraz etməsinə səbəb olur. ADH hormonu dərhal qan damarlarının ətrafındakı əzələlərin sıxılmasına səbəb olur və bu proses qan təzyiqinin yüksəlməsini təmin edir. Bu, çox kompleks, bir-birinə bağlı şəkildə işləyən və bir çox mərhələdən ibarət olan sistemdir, burada üzərində düşünülməli bir çox məqam var.
KOD ADI: ŞİFRƏ AÇAN
Bədənimizdəki həzm prosesinin başladığını anlayan mədəaltı vəzi yediyimiz yeməklərin növlərini də ayırd edə bilir. Həzm prosesi başladığı anda isə yediyiniz yeməklərə görə fərqli fermentlər istehsal edir. Məsələn, makaron, çörək kimi karbohidratlı qidalar yediyiniz zaman mədəaltı vəzin ifraz etdiyi ferment karbohidratı həzm etməyə kömək edir. Bu qidalar onikibarmaq bağırsağına çatdıqda mədəaltı vəzi karbohidrat parçalayıcı sayılan "amilaza" adlı fermenti istehsal edir. Əgər qırmızı ət, balıq və toyuq kimi qidalar yeyirsinizsə, mədəaltı vəzi zülallı yemək yediyinizi dərhal anlayır. Bu qidalar onikibarmaq bağırsağına çatdıqda bu dəfə zülalları parçalayacaq fərqli fermentlər – "tripsin, ximotripsin, karboksipeptidaza, ribonükleaza və deoksiribonükleaza" istehsal edir və bu fermentlər zülal molekullarına hücum edir. Əgər yeməyinizin yağ nisbəti çoxdursa, bu fermentlərlə birlikdə "lipaza" adlı yağları həzm edən bir ferment də fəaliyyətə başlayır.
Göründüyü kimi, bir orqan yediyiniz yeməyin nələrdən ibarət olduğunu anlayıb, sonra bu qidaların həzm edilməsi üçün lazımi kimyəvi mayeləri yaradır və bunları yalnız ehtiyac olanda ifraz edir. Mədəaltı vəzi karbohidrat molekulu üçün zülal parçalayıcı və ya yağ molekulu üçün karbohidrat parçalayıcı maye ifraz etmir. İstehsal etdiyi kompleks mayelərin kimyəvi düsturlarını unutmur, lazımi hər hansı maddəni əskiltmir. Sağlam insanlarda mədəaltı vəzi hər zaman düzgün şəkildə fəaliyyət göstərir.
İndi bu prosesi mikro səviyyədə təkrar araşdıraraq qarşımızdakı möcüzələri daha yaxşı görək.
Hüceyrələrin məktublaşması
Mədədə həzm gedərkən mədə hüceyrələri boş dayanmırlar. Bu hüceyrələrdən bəziləri mədədə həzm edilən qidanın bir müddət sonra onikibarmaq bağırsağına çatacağını bilirlər. Bu hüceyrələr həyatlarını qidaların insan üçün ən yaxşı şəkildə həzm edilməsinə həsr ediblər. Məsuliyyət duyğusu ilə hərəkətə keçən mədə hüceyrələri mədəaltı vəzi hüceyrələrinə məktub yazmağa (hormon ifraz etməyə) və bu hüceyrələri köməyə çağırmağa qərar verirlər. Ardınca yazdıqları məktubları qan yolu ilə mədəaltı vəziyə göndərirlər.
Qanla göndərilən məktub bədəndə səfərə çıxır. Bu səfər əsnasında mədəaltı vəzisinə gəldiyi zaman mədəaltı vəzi hüceyrələri məktubu tanıyır və dərhal açırlar. Burada maraqlı cəhət ondan ibarətdir ki, qan yolu ilə, demək olar ki, bütün bədəni gəzdiyi halda, məktub digər orqanların hüceyrələri tərəfindən açılmır və oxunmur. Bütün hüceyrələr bu məktubun mədəaltı vəzi üçün yazıldığını, özlərinə aid olmadığını bilirlər. Çünki məktubun üzərində mədəaltı vəzinin ünvanı var.
Möcüzə yalnız ünvanın doğru yazılması ilə məhdud deyil. Mədə hüceyrəsinin göndərdiyi məktubun içində bir də mesaj var. İnsan bədəninin dərinliklərində, bir-birlərindən çox uzaqda olan iki kiçik canlı (hüceyrə) məktublaşır və xəbərləşir. Heç görmədikləri halda, bir-birlərini anlayırlar. İki hüceyrə birləşir və yediyiniz qidaların həzm edilməsi üçün plan tərtib edirlər. Şübhəsiz ki, bu, bir möcüzədir.
Çatan məktubu (xolesistokinin hormonunu) oxuyan mədəaltı vəzi heç gözləmədən bu məktubdakı əmrə itaət edir. Dərhal qidaların həzm edilməsi üçün lazımlı fermentləri ifraz etməyə başlayır. Əgər onikibarmaq bağırsağına çatan qida zülaldırsa, zülal həzm edən ferment istehsal edir. Əgər qida karbohidratdırsa, bu dəfə karbohidrat həzm edən ferment istehsal edir və bu fermenti onikibarmaq bağırsağına göndərir.
ZAMANI TƏNZİMLƏYƏN VƏ CİNSİYYƏTİ FƏRQLƏNDİRƏ BİLƏN HORMONLAR
Beyinin hipotalamus bölgəsi doğuşdan etibarən bir prosesi yerinə yetirmək üçün illərlə gözləyir. Ən doğru zamanda, yəni uşaqlıqdan yetkinlik çağına keçəndə hipotalamusun içində sanki bir saat zəng çalır. Bu, hipotalamusun yeni işə başlama zəngidir. Əslində, bu saat bənzətməsini alimlər xüsusi bir hadisəni açıqlamaq və aydınlaşdırmaq üçün istifadə edirlər. Hipotalamusun içində, əlbəttə, bir saat yoxdur. Ancaq bir ət parçası illərlə gözləyib ən doğru zamanı gəldikdə hərəkətə keçirsə, bunun üçün ən uyğun bənzətmə hipotalamusun içində bir saat olmasıdır.
Bununla birlikdə hipotalamus xüsusi bir hormon (GnRH) ifraz edir. Bu hormon da hipofiz vəziyə iki hormonun ifraz olunma əmrini verir. Hormonların ifraz olunması üçün ən ideal zaman gəlmişdir. İfraz olunan hormonlar follikulstimullaşdırıcı hormon (FSH) və lyüteyinləşdirici hormondur (LH). Bu iki hormonun çox əhəmiyyətli vəzifələri və möcüzəvi qabiliyyətləri var. Hər ikisi də kişi və qadın bədəninin fərqlənmə və fiziki yetkinləşmə müddətini başladırlar. Bu, çox əhəmiyyətli bir təfərrüatdır. Çünki FSH və LH hormonları bu dəyişməni təmin edəcək bölgələrə uyğun olaraq hazırlanmışlar. İki hormon çox yaxşı bilir ki, nə etməlidir.
FSH hormonu qadın bədənində yumurtalığın içində olan yumurta hüceyrələrinin yetkinləşməsini və inkişafını təmin edir. Başqa bir vəzifəsi də bu bölgədən çox əhəmiyyətli başqa bir hormonun – estrogen hormonunun ifraz olumasını təmin etməkdir. Eyni düsturla kişi bədənində də ifraz olunur. Ancaq bu dəfə tam fərqli təsirlərə gətirib çıxarır. Spermatozoid hüceyrələrini xəbərdar edir və spermatozoid istehsalını başladır. LH hormonunun qadın bədənindəki vəzifəsi yetkinləşən yumurtanın sərbəst buraxılmasını təmin etməkdir. Həmçinin qadınlarda progesteron adlı başqa bir hormonun ifraz olunmasını təmin edir. Bu hormonunun kişi bədənində isə fərqli bir funksiyası var. Spermatozoid hüceyrələrindəki xüsusi hüceyrə qrupunu xəbərdar edir və testosteron adlı hormonun ifraz olunmasını təmin edir. Bu hormonların fərqli cinslərin bədənlərində eyni düsturla istehsal olunmaları və hər cinsdə bir-birlərindən tamamilə fərqli təsirlərə sahib olmaları, əlbəttə, çox düşündürücüdür.
DİZAYN MÖCÜZƏSİ BURUN
Qoxu havada molekul kimi gəzir. Nəfəs alarkən havadakı oksigenlə yanaşı bu molekullar da buruna daxil olur. Hava ilə daşınan "qoxu molekulları" qoxu epitelindəki reseptorlara çatdıqda buradakı hüceyrələr xəbərdar edilir. Xəbərdar edilən hüceyrə beyinə elektrik siqnalı göndərir. Beyin qoxu molekulu ilə deyil, yalnız özünə çatan elektrik siqnalı ilə təmasda olur. Beyinin elektrik siqnalını şərh etməsini insan “qoxu” hesab edir.
Burun gözəl ətirli çiçəklərin və ya iştahaçan yeməklərin qoxularını hiss etməklə yanaşı, çox əhəmiyyətli funksiyaları olan orqanımızdır. Tənəffüs etdiyimiz hava ilə birlikdə havadan aldığı oksigeni bədənimizin bütün hüceyrələrinə daşıyan qan arasındakı təməl əlaqə yollarından biridir. Qısacası, burun həm iybilmə orqanı, həm də tənəffüs yollarının başlanğıcı kimi böyük əhəmiyyət daşıyır. İki hissədən ibarət olan burunun içində "kirpikciklər" və "selik" var. Hava burundan içəri girdikdə bunlarla qarşılaşır və dərhal analiz edilir. Havadakı molekullar araşdırılır və beyinə çatdırılaraq qoxunun nə olduğu təyin olunur, ona görə reaksiya verilir. Bu proseslərin hamısı sadəcə 30 saniyə kimi çox qısa müddət ərzində baş verir.
Burnun içində aerodinamik baxımdan da qüsursuz dizayn mövcuddur. Hava içəri daxil olduqda birbaşa nəfəs borusuna getmir. Burun sanki kondensioner kimi çox xüsusi filtr sistemləri ilə çöldən gələn çirkli, isti, soyuq, ya da nəmli havanı ağciyərlər üçün hazırlayır. Burundakı xüsusi qıvrımlı quruluş sayəsində hava burada dövr edir. Bu yolla burun çəpərində olan tükcüklərə və damar şəbəkəsinə daha çox təmas edir. Bu qıvrımlı sistem sayəsində burun gündə 15 m3 havanı süzür, təmizləyir, nəmləndirir və isidir. Bu miqdar təxminən bir otağın içindəki havaya bərabərdir. Lakin burada çirkli hava deyilərkən ağla yalnız tozlu hava gəlməməlidir. Hava ilə birlikdə gələn bakteriya, tozcuqlar və s. kimi təxminən 20 milyard xarici maddənin bədənə daxil olması burundakı xüsusi sistem sayəsində əngəllənir. Tozlarını və hər cür zərərli bakteriyalarını burundakı kondensioner sisteminə buraxan hava bu əməliyyatdan sonra hər burun dəliyindəki üç qıvrımlı hissəciyin üstündən keçir. Burundakı tükcüklərə ilişən xarici maddələr bu dəfə də buradakı selikin antibakterial təsiri ilə zərərsizləşdirilir. Hava bu qıvrımlara çatanda istiqamətini dəyişdirir və burun boşluğunun divarına daxil olur. Bu divara toxunanda isə selikin içində saxlanılır. Nəfəs aldığımız havanın xarici cisimlərdən təmizlənməsi çox əhatəli və həssas proseslərdir. Ən kiçik səhvə izn verilmir, çünki bir bakteriyanın və ya zərərli cismin ağciyər kimi həssas orqana keçməsi insanın səhhətində mənfi təsirlərə yol aça bilər. Ancaq bunlara baxmayaraq, zərərli cisimlərin burundan keçməyi bacarması ehtimalı ilə ikinci bir qoruma mexanizmi də var. Əgər burun boşluğunu keçə bilən cisimlər olsa, bunlar da tənəffüs yollarında ilişib qalırlar.