METAFİZİK YARADILIŞ DƏLİLLƏRİ

ŞÜUR VƏ SİRLƏRİ

İnsanı bütün canlı-cansız varlıqlardan fərqləndirən cəhət onun şüur sahibi olmasıdır. Bəs şüurumuzun mənbəyi nədir? Əgər cavabınız "beyin"dirsə, yanılırsınız. Çünki beynimiz də hər hansı stol və ya stəkan kimi atomlardan ibarət maddə yığınıdır. Stolun atomları düşünə bilmədiyinə görə, beynimizdəki atomlar da düşünə bilməz. Bu da göstərir ki, şuurumuzun mənbəyi fərqlidir, yəni ruhdur. Niyə şüurlusunuz, bunu heç düşünmüsünüz?

Oturduğunuz otaqdakı əşyalara baxın. Məsələn, stolu götürək. Stolun şüuru yoxdur və varlığından da xəbərdar deyil, eləcə də düşünmür, görmür və hiss etmir. Stolun hissələrində - taxta, mismar və yapışqanda da şüur yoxdur. Bunları daha ətraflı araşdırsanız, hamısının müəyyən molekullardan, bu molekulların da atomlardan ibarət olunduğunu görərsiniz. Əlbəttə, bu atomların da şüuru yoxdur: müəyyən nizama malik, cansız, şüursuz maddə və enerji yığınıdır. Ətrafımızdakı hansı maddəni araşdırsaq, şüursuz olduğunu görərik. Hansı elementlərdən ibarət olmasından və ya hansı formada (maye, bərk və ya qaz halında) olmasından asılı olmayaraq maddə şüursuzdur.

Bəs şüurun mənbəyi nədir?

Əgər bu suala "beyin" cavabını versəniz, bu, səthi cavab olar. Çünki beyin də stol, daş və ya bir stəkan su kimi atomlardan ibarət maddələr yığınıdır. Stoldakı atomlar kimi beyninizdəki atomlar da nizamla düzülüblər. Stolun atomları düşünə bilmədiyi kimi, beyninizdəki atomlar da düşünə bilmirlər. Bu da onu göstərir ki, şüurun mənbəyi beyindəki atom, molekul və hüceyrələr deyil, ruhdur.

"Öz-özünü təşkil etmiş maddə" cəfəngiyyatı

Materialistlər maddədən başqa bütün varlıqları rədd etdikləri üçün ruhun varlığını da qəbul etmirlər. Bu səbəbdən insan şüurunu beyini təşkil edən maddələrlə əlaqələndirməyə çalışırlar. Bunun üçün istifadə etdikləri əsas fərziyyə "öz-özünü təşkil etmiş maddə" anlayışıdır. Onların iddiasına görə, insana şüur qazandıran amil beyinin içindəki neyronlar arası mükəmməl əlaqələrdir. Bu neyronlar arasındakı kimyəvi və elektrik aktivliyinin "mən" dediyimiz şüuru meydana gətirdiyini iddia edirlər.

Ancaq materializmin bu iddiası heç bir dəlilə əsaslanmır və məntiqi cəhətdən də qəbul edilə bilməz. Maddənin formalaşdıqca şüur qazandığını iddia etmək sadəcə ağılsız cəfəngiyyatdır. Həmçinin qeyd etmək lazımdır ki, bunu sübut edən heç bir dəlil yoxdur. Canlılardan başqa ən yaxşı "tərtib olunmuş maddə"lər dövrümüzün kompüterləridir. Amma bu kompüterlərin heç birində "mənlik şüuru" yoxdur və şüuru olmayacağı da məlumdur. Bir kompüter təkmil proqramlaşdırma sayəsində çox müvəffəqiyyətli proseslər yerinə yetirə bilər, amma "şüur" sahibi ola bilməz. Bir kompüter nə qədər inkişaf etsə də, nəticədə bir "kalkulyator"dur. Bundan əlavə, kompüterlər insan şüuru tərəfindən hazırlanmış, böyük məlumat və texnologiya sayəsində istehsal edilmiş vasitələrdir. İnsan şüurundan çox geridə qalan kompüterlərin təsadüfən meydana gəldiklərini iddia etmək çox məntiqsiz və ağılsız olduğu halda, kompüterlərdən daha üstün və kompleks olan insan şüurunun təsadüflər nəticəsində yarandığını iddia etmək daha məntiqsizdir.

Heç bir təsadüfi hadisə cansız maddələri bir araya gətirərək düşünmə, zövq alma, qərar vermə, ədalət, dürüstlük, mərhəmət, şəfqət, sevgi kimi hislərə sahib olan; həyəcanlanmağı, darıxmağı, vəfanı bilən şüuru yarada bilməz. Heç bir təsadüfi hadisə təfəkkür etməyən, düşünə bilməyən bir varlığa sənət əsərləri yaratmaq, ən çətin riyazi məsələləri həll etmək, ən son texnologiyalar yaratmaq, atomları araşdıraraq kəşflər etmək üçün lazım olan şüuru qazandıra bilməz. Yüz milyardlarla il keçsə və bütün imkanlar verilsə belə, bir meymun Rembrandt kimi rəsim çəkib, Bethoven kimi mahnılar bəstələyə bilməz, Nyu-York kimi bir şəhəri inşa edib, Eynştein kimi fizikanın qanunlarını kəşf edə bilməz. Beyinin funksiyalarından kənar Varlıq

Ruhi xüsusiyyətlərin beyindən qaynaqlandığına inanan materialistlər beyinin quruluşu öyrənildikcə daha da çıxılmaz vəziyyətə düşürlər. Hal-hazırda beyində bütün duyğulara aid mərkəzlər müəyyən edilmişdir. Bir əzələni işlətmək üçün hansı bölgənin istifadə edildiyi beyindəki elektrik və kimyəvi fəaliyyətlər müşahidə edilərək müəyyən olunur. Hətta bu bölgələrə edilən müdaxilələrlə müxtəlif müalicələr edilir. Alimlər, demək olar ki, beyinin bütün üzvi funksiyalarını, bunların hansı mexanizmlərlə çalışdığını təsbit etmişlər. Ancaq insanın fərqləndirici xüsusiyyəti olan şüura və onunla bağlı xüsusiyyətlərə aid bölgə beyində yoxdur. Bu səbəbdən ruhu beyinin bir funksiyası olaraq qəbul edən (yəni ruhu maddə ilə əlaqələndirməyə çalışan) materialist anlayış insanın sirlərini kəşf etdiyini zənn edərkən, əslində, böyük sirlə qarşı-qarşıya qalmışdır.

Şüur möcüzəsi

Beyin duyğularla əlaqədar olaraq fəaliyyət göstərən və müəyyən mərkəzlərdə hissləri birləşdirən bir orqandır. Ancaq beyinlə bağlı bütün məlumatlar alimlərə şüur haqqında axtardıqları cavabı vermir. Nümunə olaraq görmə prosesinin necə reallaşdığına nəzər salaq. Bir cisimdən, məsələn, bir çiçəkdən gələn impulslar gözümüzə çatır. Göz bir kamera kimi bu mənzərənin rəsmini çəkir və beyindəki sinirlərə çatdırır. Sinirlər boyu hərəkət edən çiçəyə aid məlumatlar beyinin görmə mərkəzinə çatır və bu bölgədə çiçək forması meydana gəlir. Bura qədər olan müddətdə beyinin mexaniki əməliyyatlarından bəhs olunub. Ancaq beyinin görmə mərkəzindəki çiçəyi görən, onun bir çiçək olduğunu anlayan, yaddaşındakı digər çiçəklərlə müqayisə edən, çiçəkdən aldığı qoxularla xatirələri canlanan varlıq beyinin bizim anladığımız maddi quruluşunun xaricindədir. Beyinin içində yaranan görüntünü gözə ehtiyac duymadan görən, buruna ehtiyac duymadan iyləyən varlıq var. Alimləri heyrətə salan möcüzəvi cəhət budur.

Beyinin sinirlərdən və atomlardan ibarət olan maddi quruluşu insanın xidmətinə verilmiş üstün mexanizmdir. Ancaq insanın ruhuna aid olan və insanı insan edən xüsusiyyətlər beyinin maddi quruluşundan aslı deyil. Beyin bu xüsusiyyətlərin yaranmasında yalnız vasitəçi funksiyanı yerinə yetirir. Ruhun xarici dünya ilə əlaqəsi beyindəki duyğu mərkəzləri sayəsində reallaşır.

Şüur məfhumu ilə bağlı tədqiqatları ilə tanınan məşhur alim Ecclesin bu mövzudakı izahı belədir: "Materialist çıxış yolları bizim təcrübə etdiyimiz bənzərsizlik qarşısında çarəsiz qaldıqları üçün, "Mənlik və ya Ruh" bənzərsizliyinə fövqəltəbii, ruhi yaradılış xüsusiyyəti vermək məcburiyyətində qalıram. Nəzəri terminlərlə açıqlamaq lazım olsa: hər bir ruh mayalanma və doğum arasında inkişaf edən embriona əkilmiş yeni bir İlahi yaradılışdır." Şüur bir anda ortaya çıxmış, yalnız insana xas üstün xüsusiyyətdir. Allah bu xüsusiyyəti insana düşünüb təfəkkür etməsi üçün vermişdir. İnsan aləmləri yoxdan var edən uca Allahı lazımınca tanıyıb təqdir etməli və özünə verilən saysız nemətə hər an şükr etməlidir.

ZƏKA NƏDİR?

Zəka geniş mənada insanın düşünmə, gerçəkləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin məcmusudur. İlk dəfə qarşılaşılan, ya da ani olaraq baş verən hadisələrə uyğunlaşma, anlama, öyrənmə, analiz qabiliyyəti, beş duyğunun, diqqətin və düşüncənin cəmləşməsi, təfərüatlara diqqət yetirilməsi zəka sayəsində reallaşdırılır. Zəka ilə bağlı nəzəriyyələrin hamısında zəkanın insanın doğuşdan sahib olduğu, nəsildən nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarını əhatə edən; təcrübə, öyrənmə və ətrafdan qaynaqlanan faktorlarla formalaşan birləşmə olduğu ifadə olunur.

Zəkanın mərkəzi: beyin

Zəkanın beyində yerləşdiyi qəbul edilir. Bir insan beynində 10 milyarddan çox sinir hüceyrəsi var, hər bir hüceyrə təxminən 10.000 hüceyrə ilə əlaqəli şəkildə çalışır. Neyron adlanan bu sinir hüceyrələrində siqnallar çox kompleks elektro-kimyəvi hadisələr zənciri ilə meydana gələn və sayı saniyədə 1000-ə qədər çıxa bilən titrəşmələr halında çatdırılır. Bir insan "yeni bir mühitdə müxtəlif problemlər həll edərkən beyninin hansı sahələrini istifadə edir" sualı zəkanın iki təməl ünsürü olduğunu ortaya çıxarmışdır. Bunlar yeni bir məlumatı işləmə sürəti və yaddaşın sürətidir. Ağıllı insanlar qısa daimi yaddaşlarında daha çox sayda məlumat saxlaya bilir və bu məlumatlar üzərində müxtəlif əməliyyatlar reallaşdırırlar.

Tədqiqatlar daha ağıllı insanların beyin fəaliyyətlərini daha kiçik sahələrə sığdıraraq, kompleks əməliyyatları təhlil edə bildiklərini göstərir. Bu şəxslərin beyinlərindəki aktiv olan sahələr o iş üçün özlərinə lazım olan sahələrdir. Daha az qabiliyyətli şəxslərin isə eyni əməliyyat üçün beyinlərində daha geniş bir sahəni aktiv etmələri və bunun üçün də daha çox enerji sərf etmələri lazımdır. Qısacası, elmi nailiyyətlər daha ağıllı beyinlərin daha məhsuldar işlədiklərini ortaya qoyur.

NECƏ GÖRÜRÜK?

Yaşadığımız dünya ilə bağlı bütün məlumatları beş duyğu orqanlarımız vasitəsilə qəbul edirik. Gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimiyin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Dünyaya gəldiyimiz andan etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik. Görmə çox mərhələli bir şəkildə reallaşır.

Görmə əsnasında hər hansı bir cisimdən gələn işıq hissəcikləri (fotonlar) gözün önündəki büllurun içindən qırılaraq keçir və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşür. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə xəbərdarlıqları sinirlər vasitəsilə beyinin arxa tərəfindəki görmə mərkəzinə çatdırılır. Bu elektrik siqnalı çox mərhələli əməliyyatdan sonra beyindəki bu mərkəzdə görüntü hesab edilir. Yəni, görmə hadisəsi əslində beyinin arxasındakı kiçik, işığın heç bir şəkildə girə bilmədiyi, qapqaranlıq bir bölgədə baş verir. İndi hər kəs tərəfindən bilinən bu məlumat üzərində bir daha da diqqətlə düşünək: Biz "görürəm" deyərkən, əslində gözümüzə gələn informasiyaların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsiri" görürük. Yəni, "görürəm" deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edirik. Həyatımız boyu gördüyümüz hər görüntü bir neçə sm-lik görmə mərkəzində meydana gəlir. Oxuduğunuz bu sətirlər də üfüqə baxarkən gördüyünüz ucsuz-bucaqsız mənzərə də bu kiçik yerdə meydana gəlir. Burada diqqət yetirilməsi vacib olan başqa bir cəhət də var. Kəllə sümüyü işığı içəri keçirmir, yəni beynin içi qapqaranlıqdır. Başqa sözlə, beyinin işıqla təmasda olması əsla mümkün deyil.

ƏSİL MÜTLƏQ VARLIQ ALLAHDIR

Hal-hazırda elmi nailiyyətlər göstərir ki, maddi dünyaya çatmağımız qeyri-mümkündür. Təmasda olduğumuz bütün obyektlər görmə, eşitmə, toxunma kimi duyğuların məcmusudur. Duyğu mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz həyatımız boyu maddənin "əsli" ilə deyil, beynimizdəki kopiyaları ilə təmasda olur. Biz isə bu kopiyaları xaricimizdəki gerçək maddə zənn edərək yanılırıq. Əlinizdəki jurnal, oturduğunuz otaq, qısacası, önünüzdəki bütün mənzərələr, əslində, beyninizin içindədir. Bəs bunları beyninizin içində görən kimdir?

Beyninizin içində gözə ehtiyac duymadan bu jurnalı görən, gördüklərini anlayan, oxuduqlarından təsirlənən, bunlar üzərində düşünən kimdir? Beyinə çatan elektrik siqnallarını qulağa ehtiyac duymadan dinləyən, dinlədiklərindən zövq alan kimdir? Düşünən, sevinən, kədərlənən, həyəcanlanan varlıq zülal və yağlardan ibarət olan beyin ola bilərmi?

Bu sualları düşünən insan şüurlu olaraq görən, eşidən və hiss edən varlığın maddədən başqa bir varlıq olduğunu dərhal görəcək. Məhz bu varlıq "ruh"dur. "Maddi dünya" dediyimiz hislər cəmi bu ruh tərəfindən seyr edilən bir xəyaldır. Biz bu xəyalın beynimiz xaricində maddi qarşılığı olduğunu əsla bilmirik. Çünki duyğularımız vasitəsilə əsla beynimizin xaricindəki dünya ilə təmasda ola bilmərik. Yuxularımızda hadisə və obyektləri gerçək dünya kimi görürüksək, bu dünya həyatına aid görüntüləri də beynimizdə yaranan görüntülər kimi görə bilirik.

Yekun olaraq, bizim maddə hesab etdiyimiz hər şey ruhumuzun gördüyü hislərdən ibarətdir. Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar atom və molekul yığını, onların arasındakı kimyəvi reaksiyalar deyil, "ruh"dur. Bütün bu həqiqətlər bizi çox əhəmiyyətli bir sualla qarşı-qarşıya qoyur. Madam maddi dünya kimi tanıdığımız həyat, əslində, ruhumuzun gördüyü hislərdən ibarətdir, bəs bu hisslərin mənbəyi nədir?...

Bu suala cavab verərkən bir həqiqətə diqqət yetirməliyik: maddənin müstəqil varlığı yoxdur. Maddə qavrayış olduğuna görə, "süni"dir. Bu qavrayış başqa bir güc tərəfindən yaradılmalıdır, həm də davamlı olaraq. Bu, bir televiziya ekranında görüntünün davam etməsi üçün yayının da fasiləsiz davam etməsinə bənzəyir. Bəs bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi daim seyr etdirən kimdir? Aydındır ki, içində yaşadığımız maddi kainatı, yəni bütün hisləri yaradan və davamlı yaratmağa davam edən üstün bir Yaradıcı var. Bu Yaradıcı sonsuz güc və məlumat sahibidir. O Yaradıcı Aləmlərin Rəbbi olan uca Allahdır. .